Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

BDU-nun Qazax filialında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib


22-02-2019, 14:36


Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırım dəhşətlərini əks etdirən slayt nümayiş olunduqdan sonra çıxışlar olub.

BDU Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətindən danışıb, Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Filialın müəllimi Ülviyyə Bayramova "Xocalı soyqırımı işğalçı erməni siyasətinin davamıdır” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan ən ağrılısı Xocalı faciəsidir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıya divan tutdu. Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırıma yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtkı hakimiyyət tərəfindən bunların heç biri edilmirdi. Qanlı Yanvar hadisələri zamanı olduğu kimi, bu hadisənin də əsl mahiyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra açıldı və dünya ictimaiyyətinə çatdırıldı. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı müzakirə edildi və hadisəyə hüquqi-siyasi qiymət verildi. Xocalı soyqırımı ilə bağlı qərar da həmin yığıncaqda qəbul edilərək fevral ayının 26-ı "Xocalı soyqırımı günü” elan olundu.

Respublika Prezidenti İlham Əliyev Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı belə deyib: "Azərbaycana qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxaq miqyasda öz hüquqi–siyasi qiymətini almalıdır”.

Daha sonra filialın müəllimi Türkan Məmmədova "Tarixin qanlı səhifələri milli birliyin qarantı kimi”, tələbələrdən Nigar İsmayıllı "Xocalı soyqırımı tariximizin ən dəhşətli faciəsidir”, Kamran Əsgərov "Xocalı faciəsinə gənclərin elmi-nəzəri yanaşması” adlı mövzularla çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu qeyd ediblər.






Geri qayıt