Əsas Səhifə > Təhsil > Səninlə fəxr edirik

Səninlə fəxr edirik


1-09-2016, 14:40
Səninlə fəxr edirik
Qazax rayonunda bütün sahələrdə olduğu kimi təhsil sistemində də uğurlarımız ildən-ilə artır. Belə ki, 2015-2016-cı tədris ili də bir çox uğurlu göstəricilərlə yadda qalmışdır. Hər il olduğu kimi bu il də yüksək nəticə göstərərək müxtəlif ali məktəblərə daxil olan məzunlarımızın sayı artmışdır. Daha çox yaddaqalan hadisə isə bir nəfər məzunumuzun rekord bal olan-700 balı toplayaraq Qazaxın adını yüksək nəticə göstərən şəhər və rayonların sırasına yazdırmasıdır. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının iyulun 15-də keçirdiyi imtahanda I və IV ixtisas qrupları üzrə respublikamızda 6 nəfər məzun 700 bal toplayaraq yüksək nəticə göstərmişdir ki, həmin məzunlardan biri də İsmayılova Səbinə Emil qızıdır.

O, Canalı kənd tam orta məktəbin məzunudur. Səbinə yüksək nəticə göstərərək nəinki oxuduğu məktəbin, eləcə də rayonumuzun adını ucaltmışdır. Belə ki, 700 bal toplayan S.İsmayılova Azərbaycan Tibb Universitetinə daxil olaraq həm valideynlərini, həm də müəllimlərini sevindirmışdir.

Onunla müsahibə zamanı Səbinə söylədi ki, müalicə işi ixtisası üzrə təhsilini davam etdirmək istəyir. Səbinə 2005-ci ildə orta məktəbə getdiyi elə ilk gündən istedadı ilə fərqlənən bir şagird olub. Atası hərbçi, anası müəllim olan Səbinə həm də özündən kiçik olan iki qardaşının da dərslərini hazırlamaqda onlara həmişə kömək edərmiş. Riyaziyyat fənnini digər fənnlərdən daha çox sevsə də, uşaq vaxtlarından həkim olmağı arzulayırmış. Bizimlə söhbətində bildirdi ki, həmişə yaxşı həkim olub insanların sağlamlığının qeydinə qalmaq istəyib: "Çox sağ olsun ki, valideynlərim də, müəllimlərim də mənim bu arzuma həmişə dəstək olublar. Buna görə də bəzən dayanmadan, dincəlmədən oxuyub, hazırlaşmışam ki, hamının ümidini, arzusunu doğruldum". Hər bir fənni eyni dərəcədə, eyni məsuliyyətdə oxuyan Səbinə İsmayılova müəllimlərinin hamısından böyük razılıq edərək "Ailəmizdə həmişə elmə, təhsilə, savada böyük önəm verildiyinə görə biz hamımız oxumağa həvəsli olmuşuq. Bir də ki, elm və təhsil həmişə Qazaxda çox güclü olub" dedi.

Səbinə həmçinin onu da bildirdi ki, sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal toplayırdım. Hər zaman özümdə bir əminlik hissi var idi ki, mən qəbul imtahanında da yüksək nəticə əldə edəcəyəm. Bəli, mən bu gün üzərimə düşən işi 100% yerinə yetirərək yaxınlarımı, müəllimlərimi, sözün həqiqi mənasında heyrətləndirdim. Çünki uşaqlıqdan məndə bir istək olub həmişə. Qarşıma qoyduğum məqsədə çatmaq arzusu. Bu gün mən ən böyük məqsədimə çatmaqla çox xoşbəxtəm.

Sonda Səbinə valideynlərinə, müəllimlərinə və ona dəstək olan hər kəsə minnətdarlığını bildirərək, qəbul olub oxuyacağı həkimlik ixtisasında da nümunəvi təhsili, tərbiyəsi ilə hamını sevindirəcəyinə söz verdi.
Biz də öz növbəmizdə Səbinə İsmayılovanı qazandığı bu böyük uğur münasibətilə təbrik edir və gələcək təhsilində ona daha böyük uğurlar, nailiyyətlər arzulayırıq.


“GÖYƏZƏN” qəzeti redaksiyası

Geri qayıt