Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

BDU-nun Qazax filialında Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib


3-12-2018, 16:58


Respublikamızın hər yerində olduğu kimi, bu gün Bakı Dövlət Universitetinin Qazax filialında da 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, sosial iş ixtisasında təhsil alan tələbələr və müəllimlər iştirak ediblər.

Tədbirdə iştirak edən Qazax RİHB aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən, ölkəmizdə əlil insanlara göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev fiziki məhdudiyyətli insanların diqqət və qayğı ilə əhatə olunmasını dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edərək, bu istiqamətdə mühüm tədbirlərin, sosial proqramların əsasını qoyub. Ölkəmizdə dinamik iqtisadi inkişafla bərabər güclü sosial siyasətin aparılmasını təmin edən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır. Qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri, xoşməramlı layihələri də fiziki məhdudiyyətli insanların qayğı ilə əhatə olunmasında, onların reabilitasiyasında mühüm rol oynayır. Fondun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin qurulması, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s. bunun əyani təsdiqidir. Rayonumuzda da fiziki imkanları məhdud olan insanlara göstərilən dövlət qayğısının uğurla davam etdirildiyini və bu cür maarifləndirici tədbirlərin təşkil olunduğunu vurğulayıb.

Sonra filialın sosial iş üzrə II kurs tələbələri tərəfindən videoçarx şəklində hazırlanmış Azərbaycan Respublikasının Dövlət Himni işarə dili ilə təqdim olunub.


Filialın sosial iş üzrə müəllimi Gülnar Nəzərova "Azərbaycanda sosial iş ixtisasının formalaşması”,"Əlilliyi olan şəxslərə qarşı diskriminasiya” mövzularında çıxış edib. Bildirib ki, ölkəmizdə sosial iş ixtisası hələ gənc olmasına baxmayaraq son illər ərzində bu sahənin inkişafına dair geniş fəaliyyətlər həyata keçirilir. Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir. Bütün dünyada humanitar və demokratik ideyalara əsaslanaraq yaranan sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi kimi dəyərləri birləşdirdi.

Daha sonra filialın tələbələrindən Nərmin Qurbanlı "Əlillik: dünya təcrübəsi”, Fatimə İsmayılova "Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları”, Zeynəb Rəsulzadə "İnklüziv təhsil”, Cabir Niftəliyev "Azərbaycanda milli paralimpiya oyunları” mövzularında çıxış ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





GOYEZEN.AZ

 

 


Geri qayıt