Əsas Səhifə > Təhsil > “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində rayon məktəbliləri Lənkəran-Masallı-Astara rayonlarında olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində rayon məktəbliləri Lənkəran-Masallı-Astara rayonlarında olublar15-11-2016, 22:00 |
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində rayon məktəbliləri 12-15 noyabr tarixlərində Lənkəran-Masallı-Astara rayonlarında olublar. Ekskursiyanın təşkil edilməsində məqsəd Lənkəran, Masallı və Astara rayonlarının tarixi yerləri, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olmaq, müxtəlif məzmunlu musiqili-əyləncəli proqramlarda iştirak etmək olubdur.
Səfərə yola düşməzdən əvvəl Heydər Əliyev parkında təntənəli yolasalma mərasimi keçirilib, məktəblilər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Proqrama uyğun olaraq 4 gün davam edən tur-aksiyada iştirakçıların respublikamızın Cənub bölgəsinə ekskursiyası Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzindən başlayıb. Belə ki, burada Lənkəran şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən məktəblilərin təntənəli surətdə qarşılanma mərasimi olub. Sonra məktəblilər "Palma Life” mehmanxanasında yerləşdiriliblər. Ekskursiyanın II günü məktəblilərin Astara rayonuna yola düşməsi ilə başlayıb. Burada Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi ilə tanış olublar. Bulvara, yolüstü “Yanar bulağ”a ekskursiya edib və suyun necə yandığını böyük maraqla izləyiblər. Astara çay fabrikində olan məktəblilər fabrikdəki istehsal prosesi ilə yaxından maraqlanıblar. Məktəblilərin gününün ikinci yarısı isə cənub bölgəmiz olan Masallı rayonunda keçib. Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Heydər Əliyev parkı, Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi ilə yaxından tanış olan məktəblilər burada nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə tanış olublar. Olimpiya İdman Kompleksi və Asan həyat Kompleksi ilə tanışlıq da məktəblilərin marağına səbəb olub. Ekskursiyanın III günü Lənkəran şəhəri ilə tanış olan zaman məktəblilər Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Gənclər Mərkəzinə, “Qoşa Qala” qapılarına, Həzi Aslanovun ev muzeyinə, Dairəvi qalaya və Mayaq binasına baxıblar. Hirkan Milli Parkı və Xanbulan gölü ilə, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış olan məktəblilər oradan xoş təəssuratlarla ayrılıblar. Ekskursiyanın IV günü isə səfər proqramına uyğun olaraq Lənkəran şəhər İcra Aparatının məsul şəxsləri tərəfindən məktəblilərin Bayraq Meydanında yolasalma mərasimi olub. Axşam saatlarında məktəblilər Qazax şəhərinə dönüblər. Onu da qeyd edək ki, tur-aksiya zamanı məktəblilər hər gün şam yeməyindən sonra müxtəlif idman yarışlarında, əyləncəli və intellektual oyunlarda da iştirak ediblər. 11 rayondan olan məktəblilər əsl bilik yarışı nümayiş etdiriblər. 64 komandanın iştirak etdiyi bilik yarışmasında Qazax komandası III yer tutaraq sertifikat və kuboka layiq görülüb. Tur-aksiya iştirakçılarından – Ağköynək kənd tam orta məktəbin X sinif şagirdi İlyas İsmayılov, XI sinif şagirdi Cavid İbrahimov, Kosalar kənd tam orta məktəbin IX sinif şagirdi Cəlil Nəsibli, şəhər 4 saylı tam orta məktəbin şagirdləri Gülər Hacıyeva və Orxan Mustafayev, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Şəymən Nəbiyeva, şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Tofiq Məmmədov və başqaları ekskursiya ilə bağlı təəssüratlarını bölüşərkən söyləyiblər ki, səfər etdiyimiz rayonlardakı qədim və müasir milli arxitekturalı abidələr, təbiət mənzərələri, göz oxşayan çay plantasiyaları, sitrus meyvə bağları bizdə ən xoş hisslər və maraq yaratdı. Anladıq ki, bizim bütün dünyada əvəzi olmayan, göz oxşayan gözəlliyə malik olan ölkəmiz vardır. Onlar bu bölgəyə gələcəkdə bir daha gəlmək arzusunda olduqlarını bildiriblər. Valideynlər və şagirdlər öz çıxışlarında bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti barədə danışıb və belə tur-aksiyanın təşkilinə görə Respublika Prezidenti İlham Əliyev cənablarına, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Geri qayıt |