Əsas Səhifə > Təhsil > Azərbaycan dili – Dövlət qayğısı
Azərbaycan dili – Dövlət qayğısı1-08-2018, 09:59 |
“Bizim çox gözəl, cazibədar dilimiz var. Bəlkə də, biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də onu heç bir şeyə dəyişmək olmaz. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm“. Heydər Əliyev Bəli, ulu öndərimizin fəxr etdiyi bu dil bizim milli mənliyimiz, milli mənəviyyatımız və qürur mənbəyimizdir. Azərbaycan dili – ulularımızın yaratdığı, eyni zamanda yaddaşımızı, tariximizi ulularımızı yaşadan, sabahımıza mənəvi körpü salan doğma dilim...! Analarımızın laylasındakı şirinliklə, nənələrin nağıllarındakı həzinliklə ruhumuza, zehnimizə, varlığımıza hopmuş ana dili...! Bu dil ən uca, mötəbər kürsülərdən bağımsız dövlətimizi təmsil edən Vətən dilidir. Bu dil dünyanın müxtəlif ölkələrində bayrağımızı dalğalandıran, qəlbi qələbə hissindən qürurla döyünən idmançı gənclərimizin sevincinə şərik olaraq təntənə ilə səslənən himnimizin dilidir. Deyirlər dünyada hər şeyi zövqə və imkana görə dəyişmək olar. Bircə anadan və Vətəndən savayı! Çünki ana da, Vətən də tale töhfəsi, Tanrı vergisidir. Çünki ananın dili də Vətənin özü qədər əzizdir, müqəddəsdir. Necə ki: Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz, - kəlamının müəllifi ulu Şəhriyar deyirdi: Anam məni yaratmış, Mən aləm yaratmışam. Necə ki, ”ana” və “ana dili” anlayışlarını bir vəhdət kimi qəbul edən Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: Kitab-kitab sözlərimin. Müəllifi mənim anam. Dilimiz olduqca sadə, aydın və saf bir dildir. Belə ki, şifahi və yazılı ədəbiyyatımızın ana kitabı olan “Kitabi–Dədə Qorqud”un yazıya alınması tarixindən bizi 1300 il ayırsa da, müasir oxucu bu gün kitabı əslindən oxuyaraq asanlıqla anlayır. Halbuki, XVI əsrdə yaşamış Şekspirin əsərlərini 200 il sonra – yəni XVIII əsrdə oxuyan soydaşları tərcüməyə ehtiyac duydular. Dilimiz nəinki həzin laylalar, nəğmələr dilidir, həm də mükəmməl siyasət dili, möhtəşəm elm dilidir. Alman alimi Şleuxer deyirdi ki, elə bil türk dilini riyaziyyat alimləri yığıb qurublar. Riyaziyyatsız dil olmaz. Hansı dil riyaziyyata uyğun gəlirsə, ən mükəmməl dil odur. Riyaziyyata ən uyğun dil Azərbaycan dilidir. Bəli, dilimizlə fəxr etməyə haqqımız var. Və bunun üçün ulu öndərimizə və hörmətli Prezidentimizə minnətdarıq. Hələ SSRİ dövründə ümummilli lider Heydər Əliyev ittifaqa daxil olan əksər xalqların dövlət dilinin rus dili olduğu bir vaxtda dilimiz uğrunda qətiyyətlə mübarizə aparmış və buna nail olmuşdur. Ukrayna MK–nın birinci katibinin bizim dövlət dilimiz rus dili olacaqdır, siz necə düşünürsünüz? – sualına ulu öndər qətiyyətlə belə cavab vermişdir: ”O sizin öz işinizdir. Bizim dövlət dilimiz isə Azərbaycan dili olacaqdır“. Hələ XII əsrdə dahi Nizami Gəncəvi də fars dilində əsər yazmağı sifariş edən Şirvanşah Axsitana qəzəbini gizlədə bilməmiş: Qulluq həlqəsinə keçdi qulağım, Qan vurdu beynimə, əsdi dodağım – deyərək etirazını ifadə etmişdir. Şah İsmayıl Xətai dövründə türk dili dövlət dili elan olunmuş, diplomatik yazışmalar bu dildə aparılmışdır. Sonra yad təsirlərə məruz qalan dilimiz XX əsrin əvvəlində qısa, parlaq, mənalı ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti zamanında rəsmi dil elan olunmuşdur. Sonralar yenə tatar, türk–tatar adlandırılan dilimiz 1936–cı ildə Azərbaycan dili, 1992–ci ilin 22 dekabrından yenidən türk dili adlandırılmışdır. Dilimizin müdafiəsi keşiyində bir sərkərdə sayıqlığı ilə dayanan ümummilli liderin təşəbbüsü ilə 1995–ci ilin 12 noyabrında qəbul olunmuş Konstitusiyada dövlət dili kimi Azərbaycan dili işlədildi. 21-ci maddədə yazılır: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Məlum olduğu kimi, dil mənsub olduğu xalqın kimliyidir. Məhz buna görədir ki, dilin inkişafı ölkəmizdə iqtisadi nailiyyətlərdən üstün tutulur. Fərəhli haldır ki, ölkəmiz iqtisadiyyatın inkişafına görə dünyanın inkişaf etməkdə olan 53 ölkəsi arasında 8–ci yerdə dayanır. Gözəl göstəricidir. Lakin dilə olan qayğı daha çoxdur. Belə ki, ulu öndərimiz 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verdi. Bu fərmanla bütün dövlət idarə və müəssisələrində əsas ünsiyyət vasitəsi olaraq Azərbaycan dilinin işlədilməsi nəzərdə tutuldu. 9 avqust 2001-ci ildə isə “Azərbaycan Əlifbası və Azərbaycan dili Günü”nün təsis edilməsi haqqında fərman verildi. Bu fərmanla hər il avqustun 1-ci bayram günü kimi qeyd edilir. Lakin dil quruculuğu siyasəti bununla bitmədi. 2 yanvar 2003-cü ildə ulu öndərin fərmanı ilə ”Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu” qəbul olundu. Bu qanun dilimizə dövlət statusu qazandırdı. Dilimizə olan yüksək qayğı bu gün hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Başçısı 12 yanvar 2004-cü ildə “Azerbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında“ sərəncam imzaladı. Bu sərəncama əsasən klassik və müasir Azərbaycan və dünya ədəbiyyatının əvəzsiz incilərinin latın qrafikası ilə yenidən nəşrinə başlandı. Nəfis və zərif tərtibatla nəşr olunan bu kitablar çoxmilyonlu oxucu kütləsinin istifadəsinə verildi. Ölkələrarası iqtisadi əlaqələr genişləndikcə dilimizə daxil olan söz axınını nəzərə alan hörmətli Prezidentimiz İlham Əliyev 23 may 2012–ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərancam verdi. Bu sənəddə Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yanlış konsepsiyaya son qoyulmuş, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin inkişafı üçün istiqamətlər qeyd olunmuşdur. Bu dil şirinlikdə şərbət kimidir, Saflığı qorunan sərvət kimidir. Bu mənəvi sərvətimizin qorunmasında və inkişafında hörmətli Prezidentimizə və xalqımıza uğurlar arzulayıram. Flora ƏMİROVA,
Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Geri qayıt |