Əsas Səhifə > Təhsil > Qazaxda narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlər keçirilir

Qazaxda narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlər keçirilir


Dünən, 23:06

Noyabrın 25-də Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbdə təhsil alan şagirdlərin valideynlərinin, müəllimlərin iştirakı ilə narkomaniyaya qarşı mübarizə ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə ölkə Prezidenti İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülməsi nəzərdə tutulan işlər, dövlət proqramının əsas məqsədi, fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşları iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq və kadr məsələləri sektorunun müdiri Ülviyyə Orucova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. O, keçirilən tədbirin əsas məqsədinin Prezident İlham Əliyevin imzaladığı 17 sentyabr 2025-ci il tarixli Sərəncamla qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilmiş məsələlərin icrasından irəli gələn vəzifələri müzakirə etmək, görülməsi nəzərdə tutulan işlərlə bağlı məlumat çatdırmaq olduğunu bildirib.

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov çıxış edərək bildirib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. Qeyd edib ki, bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Bildirib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək lazımdır. Ş.İsmayılov çıxışını slayd vasitəsilə davam etdirərək dövlət proramının məqsədi, qeydiyyatda olan narkotik istifadçiləri, narkotik asılılıq və onun psixoloji səbəbləri barədə ətraflı məlumat verib. O, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Natiq sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını, bu kimi hadisələrin şahidi olduqda aidiyyəti qurumlara məlumat vermələrini tövsiyə edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Geri qayıt