Əsas Səhifə > Təhsil > Məktəblilər “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyadan xoş təəssüratlarla qayıdıblar
Məktəblilər “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyadan xoş təəssüratlarla qayıdıblar29-03-2018, 16:00 |
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi bu gün uğurla başa çatıb. Layihə çərçivəsində iştirak edən rayonumuzun məktəbliləri martın 26-dan 29-dək davam edən tur-aksiyada Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiya edib, respublikamızın şimal-qərb bölgəsi ilə yaxından tanış olublar. Qrup rəhbəri Kəmalə Cəfərova GOYEZEN.AZ saytına verdiyi məlumata görə tur-aksiya olduqca maraqlı keçib və məktəblilər Qəbələ, Şəki və Zaqataladan zəngin təəssüratlarla qayıdıblar. Bu gün günorta saatlarında geri dönən məktəblilərin Heydər Əliyev parkında qarşılanma mərasimi olub. Səfərdən qayıdan məktəblilər öz təəssüratlarını bölüşüb, sonda xatirə şəkli çəkdiriblər. Tur-aksiya iştirakçısı, S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin şagirdi Leyla Dərziyeva deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın dünyagörüşünün artmasına müsbət təsir göstərəcək. Bu layihələr gənclərin ölkəmiz haqqında təsəvvürünün, biliklərinin artmasında mühüm rol oynayır. Bizə belə bir şəraiti yaratdığına görə Respublika Prezidenti İlham Əliyevə tur-aksiya iştirakçıları, bütün məktəblilər adından öz dərin minnətdarlığımı bildirirəm”. İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin şagirdi Aysu Bayramova da layihədə iştirak etdiyi üçün sevindiyini bildirib. “Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxuyub, eşitmişdik. Tur-aksiya zamanı isə bütün bunları əyani şəkildə gördük” – deyə təəssüratlarını bölüşüb. S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Turxan Vəliyev öz ürək sözlərini bildirib: “Ekskursiyamız olduqca maraqlı keçdi. Qədim Şəkinin, Qəbələnin tarixi məkanları və görməli yerləri, “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala şəhəri ilə tanış olduq. Mən olduğumuz yerlər haqqında əvvəllər kitablardan, televiziya ekranlarından müəyyən məlumatlar əldə etmişdim. İndi isə bütün bunları əyani şəkildə gördükdən sonra təsəvvürüm, məlumatım daha da artdı. Vətənimizi yaxından tanıdıqca, ona daha çox bağlanırıq”. Elçin İSMAYIL Geri qayıt |