Əsas Səhifə > Təhsil > Qazaxda məktəblilərin iştirakı ilə “Təmiz gələcək - #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirilib
Qazaxda məktəblilərin iştirakı ilə “Təmiz gələcək - #YoxDe” mövzusunda maarifləndirici tədbir keçirilibDünən, 15:26 |
|
Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Aidə Nəzərli tərəfindən “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” ilə əlaqədar keçirilən tədbirdə mövzu ətrafında məktəblilərə ətraflı məlumat verilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Polis Şöbəsində Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili kapitan Bəhruz Zamanov,Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda baş məsləhətçi Əziz Məmmədov, məktəbin şagirdləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdıraraq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. Rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu”nun, “Yerli monitorinq və əlaqələndirmə qrupu”nun Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini bildirib. Qazax Rayon Polis Şöbəsində Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Bəhruz Zamanov çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. Natiq qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. “Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”, - deyən natiq bugünkü görüşün bu məqsədə xidmət etiyini söyləyib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan B.Zamanov bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. Gənclərin sağlam gələcəyi naminə belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Natiq bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün səfərbər olmalı, bu istiqamətdə mühüm addımlar atmalı, var qüvvəsi ilə çalışmalıdır. Gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verməlidir. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli olduğunu bildirmək hər birimizin borcudur. Daxili İşlər Nazirliyinin və yerli polis orqanları əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib. B.Zamanov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Natiq sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib. Məktəb direktoru Yaşar Əliyev çıxış edərək narkomaniya və zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq tədbirin təşkilatçılarına, bu sahəni daim diqqətdə saxlayan rayon rəhbərliyinə və rayon prokurorluğuna məktəb kollektivi adından minnətdarlığını bildirib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. Mövzu ətrafında çıxış edən natiqlər “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” ilə əlaqədar maarifləndirici söhbətlər aparıblar. Həmçinin, tədbirdə Baş Prokurorluq tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, onların insan sağlamlığına və cəmiyyətə vurduğu zərər barədə məlumatlılığın artırılması məqsədilə hazırlanmış və əvvəlcədən çap edilmiş maarifləndirici bukletlər şagirdlərə paylanılmışdır.
Geri qayıt |