|
Baş Prokurorluğun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Prokurorluqorqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” üzrə Qazax rayon prokurorluğunun tədbirlər planının icrası ilə bağlı keçirilən maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirici tədbir Qazax Rayon İcra Hakimiyyəti və Qazax rayon prokurorluğunun birgə təşkilatçılığı ilə martın 16-da Qazax Ədəbiyyat Muzeyində keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbənin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev və prokurorluğun əməkdaşları, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində Kadrlar və nizami hissə üzrə zabit gizir Nurlan Xəlilov, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Narkomanlığa və Narkotik vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın üzvləri, “Çağırış Komissiyası”nın üzvləri, Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları, şəhər üzrə məktəb direktorları, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.



Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açaraq səmimi ürək sözlərini çatdırıb. Keçirilən tədbirin aktuallığını qeyd edərək hərbi xidmətə çağırış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair və ailə zorakılığı barədə ətraflı məlumat verib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbənin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Keçirilən tədbirin vacibliyini qeyd edən müavin mövzular ətrafında fikirlərini bölüşüb. Bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə həyata keçirilən mübarizə tədbirlərini tələbələrin diqqətinə çatdırmaq olduğunu qeyd edib. O, yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. G.Həsənova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu”nun, “Yerli monitorinq və əlaqələndirmə qrupu”nun Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib.
Qazax rayon prokurorunun köməkçisi Aidə Nəzərli çıxış edərəkhər 3 mövzu barədə təqdimat edib. Dövlətimiz, cəmiyyətimiz üçün təhlükə mənbəyi olan narkomaniya ilə mübarizə sahəsində hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən narkomaniya ilə mübarizə sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. A.Nəzərli gənclərə narkomaniya kimi bəladan uzaq olmağı tövsiyə edib. Nakomaniyanın məişət zorakılığına gətirib çıxardığını söyləyib. Erkən nikahla bağlı mübarizə tədbirlərini diqqətə çatdıran natiq bu mövzuda hər kəsin cinayət daşıdığını, erkən nikaha daxil olan şəxslərlə yanaşı, ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunduqlarını bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair və ailə zorakılığı barədə fikirlərini çatdırıb.
Qazax Rayon Polis Şöbəsində Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Bəhruz Zamanov çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar məlumat verib. Görülmüş işləri, həyata keçirilən tədbirləri diqqətə çatdırıb. B.Zamanov narkotik vasitələrdən istifadənin əsas risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə, eləcə də sosial-iqtisadi inkişafa göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verib. Narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını deyən B.Zamanov hər bir Azərbaycan vətəndaşının cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalı olduğunu vurğulayıb. Natiq narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyini, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyini diqqətə çatdırıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Gələcəyimiz olan gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.
Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək narkotiklərin insan orqanizminə fəsadları barədə gənclərə məlumat verib. Narkotik istifadə edən şəxslərin əlamətlərini diqqətə çatdıran N.Osmanova bildirib ki, narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır. Hətta uzun müddət bu zərərli vərdişdən uzaq durmağı bacarmış narkotik aludəçisi yalnız bircə dəfə "yüksək" yaşamağa qərar verərsə, o zaman yenidən narkotika cəhənnəminə düşür. Məhz bu səbəbdən həkimlər ümumiyyətlə "sağalmış narkomanlar" ifadəsi əvəzinə "hərəkətsiz narkomanlar" (yəni, bu anda narkotikdən istifadə etməyən) deyiminə üstünlük verirlər. İnsan psixikasında narkotik asılılığın nəticələri müəyyən dərəcədə kompensasiya olunsa da, təəssüf ki, narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük olaraq dəyişməz qalır. Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində Kadrlar və nizami hissə üzrə zabit gizir Nurlan Xəlilov çıxış edərək hərbi xidmətə çağırışın əsasları və möhlət hüququnun yaranması barədə ətraflı məlumat verib.
Tədbirdə mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, qeyd edilən mövzular müzakirə edilərək fikir mübadiləsi aparılıb.








Geri qayıt
|