Əsas Səhifə > Təhsil > Bayramınız mübarək
Bayramınız mübarək5-10-2016, 12:06 |
5 oktyabr Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Bununla bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul edimişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. 5 oktyabr tarixi rayonumuzun müəllimləri üçün də əlamətdar günlərdən biridir. Bu günü ikiqat sevinc hissi ilə yaşayan müəllimlərdən biri isə Söylü Xəlilovadır. Belə ki, o, ötən ilin məhz bu günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. S.Xəlilova bunu öz uğuru kimi deyil, eyni zamanda Qazax təhsilinə göstərilən diqqət və qayğı, rayon müəllimlərinə verilən yüksək qiymət kimi dəyərləndirir. Prezident İlham Əliyevin ölkə təhsilinin inkişafı üçün imzaladığı sərəncamlardan biri də “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi və qaliblərin yüksək səviyyədə mükafatlandırılmasıdır. S.Xəlilova 2 dəfə - 2009-2010 və 2014-2015-ci tədris illərində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin də qalibi olub. Söylü müəllim qazandığı uğurlarla heç vaxt kifayətlənmir, daim öz üzərində çalışır, axtarışlar aparır. Beynəlxalq müsabiqələrdə, seminarlarda, kurslarda müntəzəm iştirak edir. 2005-ci ildə Fransa Səfirliyi tərəfindən Respublika Fransız dili müəllimləri arasında keçirilən “Les lieux a nepas manquer” müsabiqəsinin qalibi olmuş və Fransanın Bezanson şəhərində “Franche-Compte” Universitetinə ixtisasartırma kursuna göndərilib. Beynəlxalq sertifikata layiq görülüb. Eyni zamanda 4 il “Village francais” (“Fransız Kəndi”) adlı seminar treninqlərin iştirakçısı olub. 2012-ci ildə UNİSEF-in “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” mövzusunda təlimçilər üçün keçirilən kursun iştirakçısı olmuş, 2013-2014-2015-ci illərdə “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” üzrə təlimçi işləyib. 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun “Öyrədənlərin öyrədəni”, 2014-cü ildə Fransa Bezanson Franche-Compte Universitetinin “Video və şəkillə xarici dillərin tədrisi” və “Mahnılarla xarici dillərin tədrisi” modulları üzrə Beynəlxalq sertifikata layiq görülüb. 6 iyun 2015-ci ildə isə Təhsil Nazirliyinin “Potensial Məktəb Direktorları” üçün təşkil etdiyi onlayn imtahandan yüksək bal toplayaraq Bakı şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyində müsahibədən layiqincə keçib. S.Xəlilova üçün 2016-cı il daha uğurlu olub. Bu gün fərəh hissi ilə qeyd etmək olar ki, S.Xəlilovanın sinəsində “Tərəqqi” medalı ilə yanaşı, daha bir orden də parlayır. Belə ki, o, 12 aprel 2016-cı ildə Azərbaycandakı Fransa səfirliyi tərəfindən Fransız dilinin səmərəli tədrisinə görə “Akademik Palma” ordeni ilə təltif olunub. Söylü müəllimin builki əsas fəaliyyətindən biri də Azərbaycan Fransız dili müəllimlərinin Assosiasiyasının (APFAZ) Dayaq mərkəzlərinin yaradılması ilə bağlıdır. S.Xəlilova həmin vaxtdan rayonumuzu təmsil edir. Fransız dili müəllimlərini bir araya toplayıb onlara fransız dilinin tədrisi metodikasının təkmilləşdirilməsində yaxından köməklik göstərir. O, ötən il “Potensial Məktəb Direktorları” layihəsinin prosedur qaydalarını uğurla keçərək Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. S.Xəlilova bir Azərbaycan müəllimi kimi bu diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə, Təhsil Naziri Mikayıl Cabbarova və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova minnətdarlığını bildirir. Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətli vətəndaşlar yetişdirmək kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün əməyini əsirgəməyəcəyinə söz verir. Geri qayıt |