Əsas Səhifə > Təhsil > Qazaxda "Bizim Konstitusiya xalqın konstitusiyasıdır, hər bir ölkə vətəndaşının konstitusiyasıdır" adlı dəyirmi masa keçirilib

Qazaxda "Bizim Konstitusiya xalqın konstitusiyasıdır, hər bir ölkə vətəndaşının konstitusiyasıdır" adlı dəyirmi masa keçirilib


11-06-2025, 22:59


İyunun 11-də Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Dövlət Sosial-İqtisadi Kolleci” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar "Bizim Konstitusiya xalqın konstitusiyasıdır, hər bir ölkə vətəndaşının konstitusiyasıdır" adlı dəyirmi masa keçirilib.  

Kollecin ideoloji mərkəzində keçirilən dəyirmi masada Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, kollecin müəllim və tələbələri iştirak ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və müqəddəs şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib. 



Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. E.Əfəndiyeva insan hüquq və azadlıqlarının Konstitusiyamızda yüksək səviyyədə təsbit edilməsindən danışaraq bildirib ki, bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Konstitusiyamızın 158 maddəsindən 48-nin insan hüquq və azadlıqlarının təminatını əks etdirməsi Azərbaycanda vətəndaşın daim dövlətin diqqət və qayğısında olmasının nümunəsidir. Ədalət və bərabərlik prinsipləri əsasında insanların hüquq və azadlıqlarının Konstitusiyamızda geniş yer alması, beynəlxalq hüquq normalarına uyğun şəkildə qorunması dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu isə insan haqları və milli inkişafın əsas şərtlərindəndir.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşərək təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Müavin bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. G.Həsənova bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması Respublikamızın tarixində böyük hadisə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməlini qoyduğunu söyləyib. Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın hazırlanması bir daha sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. 


Dahi şəxsiyyət hər zaman dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu bildirirdi. Hazırda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan tarixin qüdrətli dövrünü yaşayır. Dövlətçilik tariximizin ən mühüm hadisəsi tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşıb. Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasını dövlətimizin tarixi keçmişimizə, Respublikasının Əsas Qanunu olan Konstitusiyamıza verdiyi dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb. Müavin bildirib ki, 30 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiya və 5-ci ildönümünü qeyd etdiyimiz 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi Zəfərimizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti olan bu Sərəncam dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyimizin daha da gücləndirilməsi məqsədi daşıyır. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Ana qanunumuz milli Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Bu konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin yaxşılaşdırılması kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazasıdır.

Kollecin müəllimləri Mətanət Kazımova, Asya Alhüseynova, Türkan Allahverdiyeva, Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev mövzu ətrafında geniş çıxış ediblər. Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndərin söylədiyi kimi, “Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!”.



Geri qayıt