• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması” mövzusunda onlayn konfrans keçirilib


Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları, narkoloq həkim, müəllim və tələbələr iştirak ediblər.

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı, cənab Prezident İlham Əliyevin qayğısı sayəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” sahəsində görülən işlər də diqqət mərkəzində saxlanılır. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının icrası ilə bağlı hazırlanmış Tədbirlər Planı bu sahədə görülən işlərin əyani sübutudur. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda, o cümlədən BDU-nun Qazax filialında da Dövlət Proqramının icrası uğurla yerinə yetirilir. Bununla əlaqədar gənclər arasında silsilə tədbirlər təşkil olunur.

 

Sonra Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova mövzu ətrafında çıxış edərək narkomaniya, onun törətdiyi fəsadlar barədə konfrans iştirakçılarını məlumatlandırıb. Narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıb.

Qazax Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Fərid Əliyev konfransda hüquq-mühafizə orqanları tərəfindən görülən qabaqlayıcı tədbirlərdən, aparılan təbliğati işlərdən söz açıb, əldə olunmuş nəticələri konfrans iştirakçılarının nəzərinə çatdırıb. 

Filialın müəllimlərindən Günay Binnətova, Gülnar Abdullayeva, Tələbə və Gənclər Təşkilatının sədri İlkin Hüseynov konfransda çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində filialda görülən təbliğat işlərindən söz açıblar.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək Qazax RİH başçısı aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın illik iş planına müvafiq olaraq,  Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, ali və orta ixtisas məktəblərində psixoprofilaktik maarifləndirici silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tədbirlərin keçirilməsində məqsəd narkomaniyanın - bəşəriyyətin qarşısında aciz qaldığı ən arzuolunmaz xroniki sosial yoluxucu xəstəlik kimi sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimi olması, şəxsiyyətin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə səbəb olan, hamı üçün eyni dərəcədə təhlükə yaradan, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verən, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyən bir bəşəri bəla olmasını gənc nəsilə aşılamaqdır.

Filialının direktoru Arif Rüstəmov videokonfransa yekun vuraraq narkomaniyanın cəmiyyətimizə, bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurduğunu bildirib, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini qeyd edib.

GOYEZEN.AZ



Facebook-da paylaş