Əsas Səhifə > Sosial > Sərhəd kəndi Qaymaqlıda yeni tikilən məktəbdə son tamamlanma işləri aparılır
Sərhəd kəndi Qaymaqlıda yeni tikilən məktəbdə son tamamlanma işləri aparılır31-10-2020, 17:53 |
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də düşmənlə sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur ki, hazırda yeni məktəbdə son tamamlanma işləri aparılır. Məktəb tikintisi barədə məlumat verən iqtisadçı-mühəndis Nəsib Alqazaxlı bu ilin yanvar ayından tikintisinə başlanılan yeni məktəbdə hazırda son tamamlanma işlərinin aparıldığını və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradıldığını bildirir. Zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarətdir. Məktəbin həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən Qaymaqlı kəndindən olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir ki, burada şəhidlərin şəkli əks olunmuş lövhə vurulub. Birinci mərtəbədə bir-birindən gözəl guşlər göz oxşayır. Sol tərəfdə ulu öndər Heydər Əliyevin Qazaxa səfərini və təhsil sahəsinə olan qayğısını əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ tərəfdə Respublika Prezidenti cənab İlham Əliyevin Qazaxa səfərini, gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğısını özündə əks etdirən guşə yer alır. Birinci mərtəbədə 5 sinif otağı (1 sinif otağı məktəbəhazırlıq qrupu üçün ayrılıb), qəbul otağı, direktor otağı, tibb otağı, yeməkxana, idman zalı, idman zalı üçün inventar otağı, 2 ədəd soyunub geyinmə otağı (oğlanlar və qızlar üçün), duş otağı, 4 ədəd sanitar qovşaq yerləşir. İkinci mərtəbədə sinif otaqlarının sayı 1-dir. Burada müavin otağı, arxiv otağı, 1 ədəd kompyuter otağı, fizika və kimya kabineti, kitabxana, 96 nəfərlik akt zalı, hərbi hazırlıq kabineti, qızlar üçün əmək otağı, 4 ədəd sanitar qovşaq yerləşir. Üçüncü mərtəbədə isə 6 sinif otağı var. Müəllimlər otağı, müavin otağı, inventar otağı, oğlanlar üçün əmək otağı da bu mərtəbədə yerləşir. Bu mərtəbədə də 4 ədəd sanitar qovşaq ayrılıb. Məktəbin arxa tərəfində isə qazanxana, su nasosu stansiyası, həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 150 kubmetr olan yanğından mühafizə üçün su anbarı, həcmi 50 kubmetr olan çirkab su anbarı, 2 ədəd sanitar qovşaq inşa edilib. Məktəb müasir istilik sistemi ilə təmin olunub. Qeyd edək ki, hazırda məktəbin həyətinə asfalt örtüyü vurulur. Daxili təmizlik və inventarların yerləşdirilməsi işləri aparılır.
Direktor otağı
Sinif otaqları
Kimya kabineti
Fizika kabineti
Müəllimlər otağı
Akt zalı
Qızlar üçün əmək otağı
İdman zalı
GOYEZEN.AZ Geri qayıt |