Əsas Səhifə > Sosial > Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın tikintisi sürətlə davam etdirilir
Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın tikintisi sürətlə davam etdirilir8-07-2020, 12:00 |
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdiyi diqqət və qayğı Qazax rayonunda da hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının bariz nümunəsi də "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Bu gün o da sevindirici haldır ki, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur. Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər Əliyev Fondu tərəfindən həmin məktəbin həyətində 220 şagird yerlik yeni binanın inşa olunması bu dediklərimizin əyani sübutudur.
İş icraçısı Elnur Verdiyevin sözlərinə görə əsası 1967-ci ildən qoyulan kənd məktəbi üçün yeni inşa edilən məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Yanvar ayından tikintisinə başlanılan məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarət olacaq. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da inşa ediləcək. İş icraçısı məktəb tikintisinin sürətlə davam etdirildiyini qeyd edir. Artıq zirzəmidə suvaq və üzləmə işləri yekunlaşıb. Birinci mərtəbənin də hörgü və beton işləri başa çatıb. Suvaqaltı elektrik xətləri çəkilir ki, bu iş başa çatdıqdan sonra suvağa başlanılacaq. İkinci mərtəbənin hörgü işləri üçün hazırlıq işləri aparılır. İdman zalında da hörgü işləri yekunlaşıb və üzərinin bağlanması işlərinə başlanılıb. Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıqlarını bildirirlər. Məlumat üçün onu da qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina tikilir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi isə əsaslı şəkildə yenidən qurulub.
GOYEZEN.AZ Geri qayıt |