Əsas Səhifə > Sosial > Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşası sürətlə davam etdirilir -

Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşası sürətlə davam etdirilir -


16-05-2020, 19:58


Son illər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğıları paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Bunu regionların sosial-iqtisadi inkişafı üzrə qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən bölgələrdə yeni məktəb binalarının tikintisindən, təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasından, məktəblərin maddi-texniki bazasının gücləndirilməsindən aydın şəkildə görmək olar. Həyata keçirilən bu işlər Azərbaycanda təhsilin hər zaman prioritet sahə olmasından xəbər verir. Ölkəmizdə təhsil sahəsinin inkişafında Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də mühüm əhəmiyyət daşıyır. Ən əsası da bu layihə təkcə paytaxt Bakı ilə yekunlaşmır, respublikamızın bütün bölgələrini əhatə edir.

İstər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin təhsil sahəsinə olan dövlət qayğısının hər an hiss olunduğu rayonlardan biri də Qazax rayonudur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bunun bariz nümunəsidir. Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ölkə Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamına əsasən ilkin olaraq iki milyon manatın ayrılması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. 

Xəbər verdiyimiz kimi, Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri isə Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Hazırda Heydər Əliyev Fondu tərəfindən məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur.

Yanvar ayından tikintisinə başlanılan 2 mərtəbədən ibarət olan yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Belə ki, zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu stansiyası, qazanxana da inşa ediləcək. Həmçinin idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da şagirdlərin ixtiyarına veriləcək.

İş icraçısı Elnur Verdiyev zirzəminin tikintisinin başa çatdığını qeyd edir. Hazırda isə yeni məktəb binasının birinci mərtəbəsinin hörgü işlərinə başlanıldığını bildirir.

Məlumat üçün bildirək ki, rayonda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbdə son tamamlanma işləri aparılır. Təhsil Nazirliyi tərəfindən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəb üçün yeni binanın inşası davam edir.




















GOYEZEN.AZ


Geri qayıt