Əsas Səhifə > Sosial > Qaymaqlı kənd tam orta məktəb üçün yeni bina tikilir

Qaymaqlı kənd tam orta məktəb üçün yeni bina tikilir


15-02-2020, 15:49


Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Qazax rayonunda da geniş vüsət alıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də Qazaxda uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınması da bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının bariz nümunəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, rayonda Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçsı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəb yenidən qurulur, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün isə yeni bina inşa olunur.

Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbdir ki, hazırda Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün də 180 şagird yerlik yeni bina tikilir.

İş icraçısı Məhəmməd Səfərov yeni inşa olunacaq məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacağını qeyd edir. Onun sözlərinə görə zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Birinci mərtəbədə hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8 olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək. İş icraçısı hazırda yeni inşa olunacaq binanın özül hissəsi üçün işlərin aparıldığını bildirib.  




 

GOYEZEN.AZ                                                                            


Geri qayıt