Əsas Səhifə > Sosial > Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni bina inşa olunur
Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni bina inşa olunur15-02-2020, 14:36 |
Son illər ölkəmizdə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunan sahələrdən biri də məhz təhsil sahəsidir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na yeni məktəb binalarının tikintisinin salınması, məktəblərin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı bəndlərin ayrılması, Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunması bir daha sübut edir ki, Azərbaycanda təhsilin inkişafı hər zaman prioritet sahə hesab olunur. Sevindirici hal isə odur ki, bu sahə ilə bağlı həyata keçirilən tədbirlər nəinki paytaxt Bakıda, eləcə də respublikamızın bütün bölgələrində icra edilir. İstər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin təhsil sahəsinə olan dövlət qayğısı Qazaxda da öz real əksini tapır. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması da bunun bariz nümunəsidir. Xəbər verdiyimiz kimi, həmin Dövlət Proqramında nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Heydər Əliyev Fondu tərəfindən məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. İş icraçısı Elnur Verdiyev 2 mərtəbədən ibarət olan yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacağını bildirir. Onun sözlərinə görə zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu stansiyası, qazanxana da inşa ediləcək. Həmçinin idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da şagirdlərin ixtiyarına veriləcək. İş icraçısı hazırda yeni inşa olunacaq binanın özül hissəsi ilə bağlı işlərin aparıldığını bildirir. Məlumat üçün qeyd edək ki, rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulur. Təhsil Nazirliyi tərəfindən isə şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəb üçün yeni bina inşa olunur.
GOYEZEN.AZ Geri qayıt |