Əsas Səhifə > Sosial > Sərhəd kəndi Qaymaqlıda kənd məktəbi üçün yeni bina inşa olunur

Sərhəd kəndi Qaymaqlıda kənd məktəbi üçün yeni bina inşa olunur


25-01-2020, 16:46


Son illər ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də məhz təhsil sahəsidir. Bunu müxtəlif illər üzrə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarında yeni təhsil ocaqlarının, çoxsaylı məktəblərin inşa olunması, yaxud da əsaslı şəkildə yenidən qurulması kimi bəndlərin öz əksini tapmasından da aydın şəkildə görmək olur. Bundan əlavə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunması təhsil sahəsinə olan dövlət qayğısından xəbər verir.

Sevindirici hal isə odur ki, bu sahəyə olan dövlət qayğısı paytaxtla yanaşı, respublikamızın bütün bölgələrində hiss olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınması da bölgələrdə təhsil sahəsinə olan yüksək diqqət və qayğının Qazaxın timsalında daha bir əyani sübutudur.

Dövlət Proqramında əksini tapan məktəblərdən biri də sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbidir. Hazırda Təhsil Nazirliyi tərəfindən həmin məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur.

İş icraçısı Məhəmməd Səfərovun sözlərinə görə zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Birinci mərtəbədə hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8 olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək.

İş icraçısı hazırda yeni inşa olunacaq binanın özül hissəsi üçün qazıntı işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib.

Məlumat üçün bildirək ki, Qazaxda Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən qurulur. Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün isə 220 şagird yerlik yeni binanın inşasına başlanılıb.







 

GOYEZEN.AZ                                                                            


Geri qayıt