Əsas Səhifə > Sosial > Sərhəddə yerləşən Məzəm kəndində istinad divarının çəkilişi davam edir

Sərhəddə yerləşən Məzəm kəndində istinad divarının çəkilişi davam edir


18-05-2019, 14:22


Son 3 ildir ki, Qazaxda görülən abadlıq və quruculuq işləri ilə yanaşı, düşmənlə sərhəddə yerləşən kəndlərdə yaşayan sakinlərin təhlükəsizliklərinin təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən sərhəddə yaşayan sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər bunun bariz nümunəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, həmin sərhəd kəndlərində yaşayan sakinlərin evlərinin qarşısına istinad divarları çəkilib. Düşmənin atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi sayəsində bu gün kənd sakinləri öz evlərində rahat həyat sürə bilirlər.

Bu gün daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın müdafiəsi uğrunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Digər sərhəd kəndləri kimi, Məzəm kəndində də düşmənə yaxın mövqedə yerləşən evlərin, eləcə də sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilib. Əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına çəkilən istinad divarının uzunluğu 2530 p/m və hündürlüyü isə 3 metrdir. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub.

Ötən illərdə olduğu kimi, bu il də Məzəm kəndində müdafiə hasarlarının çəkilməsi işinə böyük sürətlə start verilib. Vətəndaşların müraciətləri əsasında onların təhlükəsizliyini təmin etmək məqsədilə yenidən yol kənarında istinad divarının çəkilməsinə başlanılıb. Sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə 486 paqonmetrdir. Artıq 230 paqonmetr hörgü işləri aparılıb.

GOYEZEN.AZ


Geri qayıt