Əsas Səhifə > Sosial > Səyyar görüşlərdə qaldırılan məsələlər öz müsbət həllini tapıb
Səyyar görüşlərdə qaldırılan məsələlər öz müsbət həllini tapıb29-12-2018, 14:33 |
Son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də daim ön plana çəkilir. Sakinlər tərəfindən qaldırılan hər bir məsələyə xüsusi diqqətlə yanaşılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər, həmin görüş zamanı səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi kənd sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. Rayon rəhbərinin Yuxarı Salahlı və Qazaxbəyli kəndlərində keçirdiyi səyyar görüşlər zamanı səsləndirilən məsələlərin həll olunması da bu dediklərimizin əyani sübutudur. Belə ki, səyyar görüşlər zamanı sakinlər kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini bildirmişdilər. İcra başçısı vətəndaşların müraciətinə cavab olaraq elə görüş zamanı qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar vermişdi. Artıq hər iki kənddə - Yuxarı Salahlı və Qazaxbəyli kəndlərində sakinlər tərəfindən qaldırılan məsələ öz müsbət həllini tapıb. Məlumat üçün bildirək ki, Yuxarı Salahlı kəndində 7 ədəd, Qazaxbəyli kəndində isə 2 ədəd köhnə elektrik dirəyi yenisi ilə əvəz olunub və bu iş davam edir. Kənd sakinləri də görülmüş işləri yüksək qiymətləndiriblər. Onların müraciətlərinə belə operativ şəkildə baxılmasına və qaldırılan məsələnin həll olunmasına görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, həyata keçirilən bütün əməli işlər bir daha onu göstərir ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda ön planda tutulur. Onlar tərəfindən səsləndirilən hər xırda bir məsələyə belə həssaslıqla yanaşılır və öz həllini tapır.
GOYEZEN.AZ Geri qayıt |