Əsas Səhifə > Sosial > Qazaxda şəhərin təmizliyi daim diqqət mərkəzində saxlanılır

Qazaxda şəhərin təmizliyi daim diqqət mərkəzində saxlanılır


28-12-2018, 16:09


Son iki il yarımdır ki, Qazaxda aparılan genişmiqyaslı abadlıq və tikinti-quruculuq işləri rayonun  ümumi görkəmini son dərəcə dəyişib. Bu gün rayonda elə bir sahə tapılmaz ki, orada bir yenilik, canlanma olmasın.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən rayonda bütün sahələrdə olduğu kimi, şəhərin təmizliyinə də xüsusi diqqət ayrılır. Rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən şəhərin təmiz saxlanılması istiqamətində də məqsədyönlü işlər görülür. Mütəmadi olaraq yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda əhali arasında ərazilərin və yol kənarlarının təmiz saxlanılması istiqamətində maarifləndirmə tədbirləri aparılır.

Şəhərin təmizliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2018-ci il tarixli, 7s nömrəli Sərəncamı ilə ayrılmış 60 ədəd konteyner rayona gətirilərək yaşayış məntəqələrinin ehtiyac olan yerlərinə qoyulmuşdur. Bundan əlavə, tərtib olunmuş qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam saatlarında təmizlik işləri aparılır, məişət tullantılarının vaxtlı-vaxtında götürülməsi təmin edilir, təmizlik işlərinə nəzarət artırılır.

Şəhərin N.Nərimanov yaşayış massivində, Canalı massivində, M.Hüseyn, Ə.Qədirov və Ə.Şıxlinski küçələrində mütəmadi olaraq iməcilik yolu ilə təmizlik işləri həyata keçirilmişdir.

Şəhərdə təmizliyin qorunub saxlanması məqsədilə görülən işlərdən biri də rayonun  Ağköynək kəndi ərazisində məişət tullantıları üçün ayrılmış zibil poliqonun yaradılması və həftədə bir dəfə həmin poliqonda traktorla təmizlik işlərinin aparılmasıdır.

Bu gün növbəti dəfə həmin poliqonda təmizlik işlərinə başlanılıb. Eyni zamanda, məişət tullantıları üçün ayrılmış sahənin ətrafına 200 metr uzunluğunda dəmir torun çəkilməsinə start verilib.

Sevindirici hal isə odur ki, bu gün şəhər mərkəzi ilə yanaşı, rayonun  bütün kəndlərində də məişət tullantıları üçün ayrılmış sahələr təmizlənir,  kəndlərdə mütəmadi olaraq iməcliklər keçirilir. Görülmüş işlərin nəticəsidir ki, ən son Yuxarı Salahlı kəndi ərazisində məişət tullantıları atılmış 1 hektara yaxın sahə 2 ədəd texnika vasitəsi ilə təmizlənib, Çaylı kəndində isə məişət tullantılarının atılması üçün kənd ərazisinə 8 ədəd zibil qutusu qoyulub.

Hazırda rayonun bütün yaşayış məntəqələrində və ictimai yerlərdə məişət tullantılarının vaxtında götürülməsi və daşınması ilə əlaqədar işlər davam etdirilir.

Bu gün rayonun yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsi, magistral avtomobil yollarının kənarlarında, ictimai yerlərdə, turizm və iaşə obyektərində atılıb qalmış zibillərin götürülməsi sahəsində görülmüş işlərin nəticəsidir ki, Qazax "Təmiz şəhər” elan olunub.



GOYEZEN.AZ


Geri qayıt