Əsas Səhifə > Sosial > Qazaxda yeni təmir olunan binaların həyətində xeyir-şər evlərinin tikilməsi ənənə halını alıb
Qazaxda yeni təmir olunan binaların həyətində xeyir-şər evlərinin tikilməsi ənənə halını alıb1-11-2018, 10:20 |
Bu gün genişmiqyaslı tikinti meydançasını xatırladan Qazax rayonunda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması hər kəsə yaxşı məlumdur. Son iki il yarım ərzində dövlət başçısı İlham Əliyevin Qazaxda istər çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın, istərsə də respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın uğurla icra olunması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması bu dediklərimizin əyani göstəricisidir. Bu gün rayonda çoxmənzilli binaların əsaslı təmiri ilə yanaşı, digər diqqət çəkən məqamlardan biri də həmin binaların həyətlərində olan xeyir-şər evlərinin tikilməsi və yaxud da əsaslı şəkildə təmir olunmasıdır. Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin həyətindən start götürən bu iş bu gün rayonun əksər çoxmənzilli binalarının həyətində uğurla davam etdirilir. Demək olar ki, bu sahədə görülən işlər ənənə halını alıb. Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarının həyətlərində olan 2 ədəd, N.Nərimanov yaşayış massivində yerləşən 49 saylı binanın həyətində olan xeyir-şər evlərinin əsaslı şəkildə təmir olunaraq bina sakinlərinin istifadəsinə verilməsi də bunun əyani sübutudur. Vətəndaş amilinin ön plana çəkildiyi Qazaxda rayon rəhbəri daha bir binanın sakinlərinin istəyini nəzərə alaraq xeyir-şər evinin tikilməsi üçün göstəriş verib. Belə ki, şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı binada əsaslı təmir işləri ilə yanaşı həyətdə yerləşən xeyir-şər evi üçün ayrılmış yerdə tikinti işləri aparılır. İlk gündən işlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq hörgü işlərinin xeyli hissəsi görülüb. Binada yaşayan sakinlər istər xeyir-şər evinin tikilməsinə, istərsə də binanın əsaslı şəkildə təmir olunmasına görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Onların istəyini nəzərə alıb digər binaların həyətində olduğu kimi, bu binada da xeyir-şər evinin tikilməsinə göstəriş verdiyi üçün rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırırlar.
GOYEZEN.AZ Geri qayıt |