Əsas Səhifə > Sosial > Çoxmənzilli binaların təmiri uğurla davam edir
Çoxmənzilli binaların təmiri uğurla davam edir21-08-2018, 13:56 |
Xəbər verdiyimiz kimi, Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması uğurla davam edir. 2 ildir start götürən və Ölkə Başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunması bunun bariz nümunəsidir. Sevindirici haldır ki, çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Rayon rəhbərliyinin tapşırığına əsasən bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilib. Nəzərdə tutulan həmin binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Təmir başlayan ilk gündən işlərin belə sürətlə aparılmasının nəticəsidir ki, təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarını təmiri başa çatan binalara misal olaraq göstərmək olar. Ən əsası da odur ki, bütün binalarda təmir işləri yüksək səviyyədə aparılmışdır. İşlərin keyfiyyətlə aparılması rayon sakinlərinin də ürəyincədir və buna görə razılıq edirlər. Bu gün şəhərdə daha 5 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb. Şəhərin Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, “Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında demək olar ki, işlər sürətlə davam etdirilir. Məlumat üçün qeyd edək ki, bütün binaların bloklarında divarlarda köhnə suvaqların çapılaraq yenidən vurulması işləri həyata keçirilir. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılır. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulur. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, “Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarının hər birində bir blok hazırdır. Rənglənmə işinin görülməsi nəzərdə tutulub. Prospektdə yerləşən binalardan – 63 saylı binada da bir blokda görülən əsas işlər yekunlaşıb. 61 A və 65 saylı binalarda da işlər sürətlə davam etdirilir. Bundan əlavə, hazırda binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunur və SİP kabelləşmə işi aparılır. Hər iki ərazidə yaşayan bina sakinləri də respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirirlər. Uzun illərdən bəri təmir aparılmayan çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırırlar. GOYEZEN.AZ
Geri qayıt |