Əsas Səhifə > Sosial > Məzəm kəndində istinad divarlarının çəkilişi yekunlaşmaq üzrədir
Məzəm kəndində istinad divarlarının çəkilişi yekunlaşmaq üzrədir29-07-2018, 10:43 |
Bu gün Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Bunlardan sərhədə ən yaxın olanı isə rayonun Məzəm kəndidir. Digər kənd sakinləri kimi Məzəmdə yaşayan sakinlər də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Düşmənlə sərhəddə yerləşən Məzəm kəndi və orada yaşayan sakinlər daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə, xüsusilə də məzəmlilərə qayğı ilə yanaşması, qarşılaşdıqları problem və çatışmazlıqların yerindəcə həll edilməsi bunu bir daha sübut edir. Məhz bu qayğının nəticəsidir ki, sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Düşmənin 6 atəş nöqtəsindən atəşə məruz qalan kənd sakinləri daim qorxu altında yaşayırdılar. Hər zaman düşmən gülləsi ilə üz-üzə dayanan kənd sakinləri normal şəkildə yaşaya bilmirdilər. Rayon rəhbərliyi elə ilk gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş vermişdi. Ötən il kənddəki 21 evin qarşısına istinad divarları çəkilmişdir. 1381 p/m uzunluğunda olan bu hasarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur. Daha yaşlı adamlarla yanaşı, uşaqlar da öz evlərinin həyətlərində rahat hərəkət edə, normal yaşaya bilirlər. Məzəm kəndində evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi işi bu il də davam etdirilir. İcra Başçısı vətəndaşların müraciətlərini nəzərə alaraq kənddə daha 12 evin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verib. Bu gün həmin evlərdən 9-nun qarşısına istinad divarları çəkilib. Çəkilməsi nəzərdə tutulan 238 p/m uzunluğu və 3 metr hündürlüyü olan bu müdafiə hasarları sayəsində kənd sakinləri qorxusuz şəraitdə yaşayırlar. Artıq 197 p/m uzunluğunda olan istinad divarları çəkilib. Qalan 41 p/m uzunluğu olan hasarın çəkilişi isə davam edir. Evlərinin qarşısına istinad divarları çəkilmiş sakinlərdən Vüqar Nəsibov, Rafiq Məmmədov, Şofiq Məmmədov, Misir Məmmədov, Varis Məmmədov, Akif Məmmədov və başqaları sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Sakinlər qeyd ediblər ki, bu gün biz təhlükəsiz şəraitdə yaşayırıqsa bu, dövlətin və Prezidentin biz sadə vətəndaşlara göstərdiyi qayğısı sayəsindədir. Minnətdarlıq dolu ürək sözlərini çatdıran kənd sakinləri öz doğma kəndlərini hər an müdafiə etməyə və Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildiriblər. GOYEZEN.AZ
Geri qayıt |