Əsas Səhifə > Sosial > Qazaxlı sahibkarlar da rayonda görülən işlərə öz töhfəsini verib

Qazaxlı sahibkarlar da rayonda görülən işlərə öz töhfəsini verib


9-07-2018, 15:30
Qazaxlı sahibkarlar da rayonda görülən işlərə öz töhfəsini verib
Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, neft sektorundan asılılığın azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və s. sosialyönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.

Bu gün rayonda fəaliyyət göstərən sahibkarlar dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Onlar üçün yaradılan münbit şəraitdən səmərəli istifadə edən sahibkarlar ölkə iqtisadiyyatının, xüsusilə də Qazax rayonunda sahibkarlığın inkişafı üçün böyük səylə çalışır, bu sahəni daha da genişləndirirlər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da fəaliyyətə başladığı ilk gündən rayonda çalışan sahibkarlara hər cür dəstək olur. Rayon rəhbəri onlara bu sahənin öndə olması üçün bütün imkanları yaradır. İcra Başçısının yeni yaradılan müəssisələrin açılış mərasimlərində şəxsən iştirak etməsi və öz xeyir-duasını verməsi bunun bariz nümunəsidir.

Sevindirici hal isə odur ki, sahibkarlar bu diqqət və qayğını yüksək qiymətləndirirərək rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərini dəstəkləyir və öz töhfələrini verirlər.

Şəhərin Ə.Şıxlinski küçəsində fəaliyyət göstərən sahibkarlıq obyektlərinin qarşısında yaradılan səliqə-sahman, görülən işlər bunun əyani göstəricisidir.

Bu gün GOYEZEN.AZ saytının əməkdaşları olaraq obyektlərinin qarşısında təmir işləri aparılmış, yeni asfalt örtüyü çəkilmiş bir neçə sahibkarın fikirlərini öyrəndik.

“Anar market” adlı ərzaq mağazası işlədən sahibkar Anar Məmmədov qeyd etdi ki, bu gün Qazaxda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir.

Sahibkar Vahid Əsgərov bildirdi ki, uzun illərdir ki, mebel mağazasının sahibiyəm. “Bu gün Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir” - deyən sahibkar bu diqqət və qayğıya görə Ölkə Başçısına və rayon rəhbərliyinə bütün sahibkarlar adından öz minnətdarlığını bildirdi.

“İK” marketin əməkdaşı Ceyhun Paşayev də ölkəmizdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edilməsindən və sahibkarlığın inkişafı üçün göstərilən dövlət dəstəyindən danışaraq bu sahədə görülən işləri yüksək qiymətləndirdiyini bildirdi. Qeyd etdi ki, bu gün Qazax istər tikinti-quruculuq, istər kənd təsərrüfatı, istərsə də sahibkarlığın inkişaf etdirilməsinə görə respublikamızda birinci yerdə dayanır.

Biz sahibkarlar da sözün əsl mənasında öz simasını günü-gündən dəyişən rayonda gedən inkişafın şahidi olduğumuz üçün çalışdıq ki, biz də öz töhfəmizi verək. Mağaza, dükan, market sahibi olaraq rayonumuzda görülən tikinti-quruculuq işlərində yaxından iştirak edək. Öz obyektlərimizin qarşısında səliqə-sahman yaratmaqla, yeni asfalt örtüyü çəkməklə biz sahibkarlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığımızı bu cür bildirək.

Qazaxlı sahibkarlar da rayonda görülən işlərə öz töhfəsini verib
Qazaxlı sahibkarlar da rayonda görülən işlərə öz töhfəsini verib
Qazaxlı sahibkarlar da rayonda görülən işlərə öz töhfəsini verib
Geri qayıt