Əsas Səhifə > Sosial > Kim minir Qazaxın Dilboz atını...
Kim minir Qazaxın Dilboz atını...13-10-2016, 16:28 |
Qazax rayonu həm də “Dilbaz” atların vətəni kimi də tanınır. Sevimli xalq şairimiz Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində yazdığı “Min Qazaxdan köhlən ata” misralarında da “Dilbaz” atına işarə etmişdir.
Bu elin yetirməsi olan başqa bir xalq şairi Osman Sarıvəlli isə bu atların şöhrətini öz şeirində əbədiləşdirmişdir. Kim minir Qazaxın Dilboz atını, Götürür toyların şal xalatını... Şeirin, sənətin mükafatını, Hər zaman, hər yerdə aldı bu yerlər. Həmyerlimiz, tanınmış jurnalist və tədqiqatçı İsmayıl Umudlu “Dilbazilər” adlı tarixi bioqrafik kitabında “Dilbaz” atı haqqında ətraflı yazmışdır. Kitabın həmin hissəsini oxucuların nəzərinə çatdırırıq. Qazax şəhərinin girəcəyində hündür məscid minarəsini andıran orjinal pyedstal üzərində qanadlanıb səmalara yüksəlmiş kimi üzünü göylərə tutmuş “Haçadil” tunc at heykəli ilə rastlaşırsan. Bu at – bu diyarın yetirməsi olan və artıq əfsanələşmiş “Dilbaz” atının simvoludur. Bu ifadəli, kənardan diqqəti özünə cəmləyən, Qazax camaatının qürurla qonaqlara nişan verdiyi əsər bu gün Qazax şəhərinin və bütün Qazax mahalının rəmzinə çevrilmiş, şəhərin gerbində əks olunmuşdur. Qafqazın türk müsəlman ağa bəy nəsilləri arasında adı ilə, sanıyla, ziyalılığı ilə seçilən Dilbazilər nəsli xüsusi yer tutur. “Dilbaz” at cinsinin yaradılma və inkişaf tarixçəsi bu soykökün tarixi ilə qırılmaz surətdə bağlıdır. Dilbazoğulları əsilzadə soykökünün adını Qafqazın türk müsəlman ağa bəy nəsilləri arasında yazmış və atçılıq tariximizdə məşhur, klassik “Dilbaz” at cinsi yetişdirərək öz məxsusi möhürlərini vurmuşlar Dilbazilər. Dilbazi ağalarının yetişdirdikləri ilxılardan Qazax mahalına, buradan isə başqa mahallara yayılan, sonralar Azərbaycan türklərinin fəxr ediləsi tarix səhifələrinə çevrilən atlar onların soykökünün adı ilə adlanmış, bu adla tanınmış, qəbul edilmişdir. Tarixdən bəlli olduğu kimi Avrasiya çöllərində atın əhlilləşdirilməsi, arabanın, atçılıq ləvazimatlarının icadı, dünyada bəlli olan 250-yə yaxın at cinsindən 50-si bu və ya digər baxımdan türk etnosu ilə, bu 50 at cinsindən bir neçəsi isə məhz Azərbaycan torpağı Azərbaycan türkləri ilə bağlıdır. XIII-XIV yüzillikdə Şirvanşahların hərbi təsərrüfatına məxsus olan və Şirvan türklərinin yetişdirdikləri məşhur “Şirqa” cinsli atlar ən sonda XVIII yüzillikdə yaradılmış dünya şöhrətli Qarabağ və Qazax (Dilbaz) cinsli atlar öz mənşəllərini Azərbaycan torpağından alırlar. XIX yüzilliyin ortalarına dair yazılı qaynaqlarda Azərbaycanda Dağıstan-Şirvan tipli Quba atları, qoşqu tipli Bakı atları, Lənkəran minik atları, “Dilbaz” və Sarılar Qazax atları ayrıca tiplər olaraq qeyd edilmişdir. Azərbaycanın bu regionlarının cins atlarının yaranması ilə yanaşı “Dilbaz” atının yaranma tarixi də qeyd edilmişdir. Azərbaycan sovet Ensklopediyasında bu atlar barədə verilən məlumatda deyilir: “Dilboz”, Dilbazi atı, Qazax atı – yüngül qoşqu və yük at cinsi olub, Azərbaycanın yerli atlarından biridir. “Dilboz” atı təqribən XVIII əsrin sonu XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında Qazax qəzasında yaradılmışdır. “Dilbaz” ilxı şəraitində dözümlü və möhkəm atdır. Rəngi boz və kəhərdir. Cinsin yaxşılaşdırılmasında Qarabağ atından istifadə olunmuşdur. “Dilbaz”ın boz rəngli yaxşı minik tipi vaxtilə Dilbazilərin ilxısında yayıldığından belə adlanır. Birinci dünya müharibəsi dövründə Azərbaycan atçılığı və o cümlədən “Dilbaz” at cinsi həm keyfiyyət, həm də kəmiyyət cəhətdən böyük təlafata uğramışdır. 1944-cü ildən Ağstafa Dilbaz atı yetişdirən dövlət damazlıq ocağı yaradılmış və cinslə döllük işi aparılmışdır. Bəzi tarixçələrdə “Dilbaz” atlarının XVIII əsrin sonu XIX əsrin əvvəlində yaranması göstərilsə də bu yalnış bir təyindir. Əgər tarixə nəzər salsaq “Dilbaz” atının yaranma tarixi bir az da əvvəllərə XVIII əsrin ortalarına dayanır. Bu cinsin təməlinin qoyuluşu Nadir şahın dövrü və konkret olaraq şəxsən onun və onun müasiri olmuş qazaxlı bir kənd ağasının – Molla Alı ağanın adı ilə bağlıdır. Bu görüş isə Nadir şahın 1735-ci ilin payızında Qazax Sancağına gəlişinə təsadüf edir. Bu tarixçədən çıxış etsək, Qarabağ və “Dilbaz” at cinslərinin təməlinin qoyuluşu eyni dövrə təsadüf etməklə yanaşı, “Dilbaz” atlarının Qarabağ atlarından bir neçə on il “yaşlı” olduğunu qeyd edə bilərik. Dilbazilərin ailə rəvayətlərinə görə, hələ XVIII yüzilin 30-cu illərində Səfəvi ordularının baş sərkərdəsi Nadir xan Əfşar Osmanlılarla Tfilis civarında soğanlıq deyilən yerdə hərbi məğlubiyyətə düçar olduqdan sonra qaçaq yolla paytaxta qayıdarkən Qazax sancağında şəxsiyyətini nişan verməyərək yolüstü bir gecə xanlıqlar obasında kənd ağsaqqalı Molla Alı ağanın evində qonaq qalmışdı. Bu ağıllı kişi ilə söhbət əsnasında Nadir şah özü üçün faydalı nəticələr çıxarmışdır. Osmanlılarla müharibədə məğlubiyyətini sonralar qalibiyyətə çevirdikdən sonra yenidən yolunu həmin kənddən salmış və təkrarən Molla Alı ağanın evinə gəlmişdir. Nadir xan bu ikinci gəlişində Molla Alı ağanın mərdanə davranışından xoşlanmış və farsca “Əcəb Dilbaz əst” (“Əcəb ürəkli adamdır”) ifadəsini işlətməklə özünün ehtiyatda saxlanan təmiz qanlı, boz rəngli ərəb ayğır atını Molla Alı ağaya bağışlamışdır. Nəsillərdən-nəsillərə ötürülmüş, şöhrətlərə əsaslanaraq müəllim Vəli ağa Dilbazinin 1979-cu ildə qələmə aldığı əlyazma xatirə yazısında belə qeyd edir: “Səhər Nadir xan yola düşməyə hazırlaşan vaxt Alı ağanı yanına çağırıb soruşur: - Alı ağa! Atın varmı? - Var, başına dönüm, iki madyanım var – deyir. Xanın əmri ilə, onun ehtiyatda olan, boz rəngli ərəb atını irəli çəkirlər. Nadir xan bu ərəb atını Alı ağaya bağışlayıb deyir: - Bu ərəb atıdır, bu atı madyanlarına qat, onlardan yaxşı atlar əmələ gələr”. Bacarıqlı atçı olan Molla Alı ağa ona bağışlanmış dəyərli hədiyyənin əhəmiyyətini düzgün qiymətləndirmiş, bu ərəb cinsli ayğırı tövləsindəki iki madyanına qoşmuş və beləliklə, bəlkə özü də fərqinə varmadan xalq seleksiyası qaydasında yeni bir at cinsi yetişdirmək işinin təməlini qoymuşdur. Beləliklə, “Dilbaz” at cinsi 1735-ci ildə yaranmışdır. El arasında “Dilbaz” deyə tanınan cinsin kökündə həmin hədiyyə edilən ayğırlar və yerli cinsdən olan madyan atlar durur. Bu yeni cinsə aid atların sayı çoxalmağa başlayır və bu atlar bölgədən tədricən bütün Qafqaza yayılır. XIX yüzilin 30-cu illərində Dağ Kəsəməndə “Dilbaz” cinsli atların yetişdirildiyi başqa bir atçılıq zavodunun varlığı bəzi mənbələrdə qeyd edilmişdir. Əlavə edək ki, məhz Dağ Kəsəməndə yetişdirilən bu “Dilbaz” atlarına “Sarılar tipi” də deyilirmiş. Dağ Kəsəməndə bu işlə qədim yerli Sarılar soyundan olan peşəkar atçılar məşğul olduğundan tip bu cür adlanırmış. Mənbələrdə “Dilbaz” at cinsinin 7 tipi qeyd olunur: Haçadil, diliboz, dəliboz, yorulmaz, yorğa, xaldar və durnalar. Bu tiplər arasında ən üstün tip sayılan haçadil dik duruşlu, bir o qədər də dolğun olduğuna və məxsusi özəlliklərinə görə digər tiplərdən daha çox fərqlənmişlər. Molla Vəli ağa son xatirələrində kədər hissi ilə yazırdı: “Atların sayı hər yerdə azalmağa başlamışdı. Qazax rayonunda da Dilbaz cinsli atlardan çox az qalmışdı, onların nəsli kəsilmək üzrə idi. Bunu görən atçı mütəxəssislər təşvişə düşdülər, axı, onların uzun illərdən bəri çəkdikləri zəhmət göz görə-görə batıb gedirdi. Azərbaycanın Kənd Təsərrüfatı Naziri Möhsün Poladovun əmri ilə atçılıq mütəxəssisləri Qazax və Tovuz rayonlarının kolxozlarından “Dilbaz” atlarının qalıqlarını topladılar. Bunlar döllüyə - damazlığa yarayan 15-ə qədər madyan və ayğırdan ibarət idi. Qazax və Tovuz rayonlarının heç biri bu atları qəbul etmədilər. Hətta bu atların ata-baba yurdu olan Qazax rayonunun Musaköy (Xanlıqlar) kəndinin Kirov adına kolxozu da bu atları yaxına qoymadı. Nəhayət, çox çalışdıqdan sonra Möhsün Poladov bu atları böyük çətinliklə yenə Şəki rayonunun Daşüz sovxozunda birtəhər yerləşdirdi. Bu sovxozda atları qiymətləndirib, qayğısına qalıb, onları cins ayğırlarla cütləşdirdilər. Nəticədə onlardan son dərəcə yaraşıqlı, gözəl, boylu-buxunlu, yarışlarda şöhrət qazanan atlar törədilər. Daşüz sovxozunda yetişən “Dilbaz” cinsli atlar nəinki Bakı Dövlət Cıdır Meydanında, hətta başqa cıdır meydanlarında da şöhrət qazandılar. Xarici atçılar da bu atlara müştəri idilər. Onlar hər il ümumi at bazarında bu atlardan neçəsini alıb aparırlar. Hətta indi bu atlar Qarabağ at zavodundan gələn atlara da üstün gəlirlər”. Vikipediyada “Dilbaz” atları haqqında geniş məlumat verilir. Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbazilər nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilbaz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır. XIX əsrin ortalarında Qazax qəzasında atların sayı 25 minə çatırdı. Lakin birinci və ikinci dünya müharibələri zamanı atların cəbhəyə cəlb edilməsi, atların sayının kəskin azalmasına səbəb olmuşdur. Bu atlar "Ərəb" və "Qarabağ" yəhər tipli ayğırların vasitəsi ilə təkmilləşdirilmişdir. "Dilbaz" atları qərbi Azərbaycan boyu geniş yayılır. 1943-cü ildə respublikadakı at növlərinin genişləndirilməsi məqsədi ilə Dövlət Çoxaltma Kooperativi quruldu. 1950-ci illərdən bəri "Qarabağ" atlarının artıq ayrıca yetişdirilməyə başlanması ilə "Dilbaz" atları "Ərəb" və "Tersk" növlərindən istifadə edilməklə çoxaldılmağa başlanmışdır. "Dilbaz" atları çarpazlaşdırılır. "Dilbaz" atları təmiz, geniş alın, qısa baş, dar burun ilə, ağır boynu, uzun kürəyi və beli ilə digər at cinslərindən fərqlənir. Ayaqlar təmiz və mükəmməl paylaşdırılandır və sümükləri digər atlardan qat-qat qalındır. Boyu 152 sm, döş qucumu 172 sm və top sümüyü qucumu 19.4 sm təşkil edir. "Dilbaz" atları yaxşı işləmə bacarığı göstərirlər. Bu at cinsi bir gündə belində 115-130 kq yük ilə 45-55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir. Cinsin yaxşı hissəsi keçmişdə Qazax atının lazımi qulluq şəraitində yetişdirilmiş görkəmli minik tipidir. Cinsin yaxşılaşdırılmasında şərq atlarından da (ərəb, Türkiyə) istifadə edilmişdir. Dilbaz atı minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla ilxı şəraitinə dözümlü olmaqla möhkəmdir. Cinsin əsas nöqsanı da Qarabağ atlarında olduğu kimi boyunun kiçik olmasıdır. Başı orta böyüklükdə, boynu düzdür. Süysünü alçaqdır, hündürlüyü 137,3 sm-dir. Beli enlidir. “Dilboz” atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Dözümlüyü etibarilə hətta Qarabağ atlarından da üstündür. Rəngi boz, ağ, xallı, bəzən isə kəhər olur. Ayaqları nisbətən hündür, yerişi əsasən addım və dördayaqdır. Çox təsadüf edilən rəngi boz və kəhərdir. Dilbaz atları saatda 7-8 km yol qət edir. Bu at cinsi bir gündə belində 115-130 kq yük ilə 45-55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir. Cinsin yüksək keyfiyyətləri cıdırda da özünü göstərmişdir. Bakı ippodromunda 1940-2000-ci illərdə keçirilən qaçışlarda “Dilboz” atları daim yüksək yerlər tuturdular. 1962-1990-cı illərdə “Dilbaz” atları Ümumittifaq yarışlarda 39 dəfə iştirak etmiş və səkkiz dəfə birinci yerə layiq görülmüşdülər, 36 dəfə isə müxtəlif attestatlar almışlar. Hal-hazırda Dilbaz atları Azərbaycanın qərb və şimal rayonlarında, İranın şimalında, Gürcüstanda və Dağıstanda yayılıb. Geri qayıt |