Əsas Səhifə > Səhiyyə / Manşet > Qazaxda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə “Dahi Rəhbəri xoşbəxt edən Böyük İnsan” mövzusunda tədbir keçirilib

Qazaxda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə “Dahi Rəhbəri xoşbəxt edən Böyük İnsan” mövzusunda tədbir keçirilib


27-04-2023, 19:31

 

Aprelin 27-də görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Dahi Rəhbəri xoşbəxt edən Böyük İnsan” mövzusunda tədbir keçirilib.


Təşkilatın inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatı aparatının işçiləri, Ərazi partiya təşkilatının sədrləri, partiya veteranları, partiya fəalları, gənclər, idarə, müəssisə və təşkilat rəhbərləri, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, KİV nümayəndələri iştirak ediblər.



Əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, bugünkü tədbirin həmin tədbirlərin davamı olduğunu qeyd edib. Rayon rəhbəri Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirib. İcra başçısı qeyd edib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. İcra başçısı bildirib ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Rayon rəhbəri vurğulayıb ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. İcra başçısı ilk növbədə akademik Zərifə Əliyevanın bir alim kimi gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətini vurğulayıb. Qeyd edib ki, O, elmdə heç vaxt asan yol axtarmırdı, keçilməmiş yollarla gedir, yeni cığırlar salırdı, öz elmi araşdırmalarını praktik əhəmiyyət daşıyan aktual mövzulara həsr edirdi. Bildirib ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Zərifə Əliyeva peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb. Beləliklə, akademik Zərifə Əliyeva cəmiyyətşünas alim, həkim kimi yeni bir nümunə ortaya qoyub. 


İcra başçısı bildirib ki, Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük. Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Ülvi keyfiyyətlərə malik olan Zərifə xanım öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-69-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib. “Akademik Zərifə Əliyevanın ideyaları bu gün də yaşayır, elmimizin inkişafına xidmət edir, işıq saçır. Bu işıqdan hamıya pay çatır: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara”, - deyən icra başçısı illər ötsə belə dəyərli akademikin unudulmayacağını qeyd edib.


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək akademik Zərifə Əliyevanın zəngin və mənalı ömür yolu haqqında geniş məlumat verib. Qeyd edib ki, görkəmli alim Zərifə Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. A.Nəbiyev çıxışında Azərbaycan xalqının böyük alimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın yüksək mənəviyyata malik, əsl Azərbaycan ziyalısı kimi mənalı ömür sürmüş dahi bir şəxsiyyət olduğunu söyləyib. Zərifə Əliyevanın yüksəkixtisaslı həkimlərin yetişməsində müstəsna rol oynadığını söyləyib. Zərifə xanım Əliyevanın fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biri olduğunu, bu kitabın indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qaldığını vurğulayıb. Qeyd edib ki, Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur. 


Zərifə xanım həkim etikası ilə hər kəsə, xüsusilə də gənc nəslə bir örnək idi. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. A.Nəbiyev illər ötsə, qərinələr dolansa belə Zərifə Əliyevanın daim qəlblərdə yaşayacağını, Onun misilsiz xidmətlərinin qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacağını qeyd edib.


Partiya veteranı Bəsti Ələkbərova çıxış edərək bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratdı. Təməlində həqiqətin olduğu bu rəvayətin bir qütbündə xalqın böyük oğlu Heydər Əliyev dayanırsa, digər qütbündə Azərbaycan qadını Zərifə Əliyeva dururdu. Onun parlaq həyatı hadisələr və mənalarla zəngindir. Məni isə ən çox düşündürən Onun analıq fenomenidir. Zərif bir ana necə böyük bir qüdrət daşıya bilir. Dünyaya necə böyük insanlar bəxş edə bilər, xalqın taleyində necə misilsiz iz qoya bilər. Analıq doğrudan da təbiətin ən böyük möcüzəsidir! Analar həyatda ən çətin olan iki şeyə qadirdirlər: həm böyük tale, həm də böyük xoşbəxtlik bəxş edə bilmək qüdrətinə. Bu cəhətdən də Zərifə xanım nadir, unikal bir qadın idi. B.Ələkbərova bildirib ki, 1985-ci ildə Zərifə Əliyeva dünyasını dəyişdi. Bu, ağır bir itki idi. Onun sevimli İlhamının hələ 24 yaşı vardı. Həyatda O, ən çox övladları ilə fəxr etmək istəyirdi. Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, insan və şəxsiyyət kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma onun Prezident kimi andiçmə mərasimini görmək qismət olmadı. Bu gün isə bu fərəhi bütün Azərbaycan yaşayır. Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir. Ana məhəbbəti itmir, xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə bütün Vətən fəxr edir. Onların fərəhində və qürurunda özünü həsr etmiş bir anaya böyük bir millətin məhəbbəti də var. Bu gün bu məhəbbət çiçəklənir, pöhrələr verir və mənəviyyat tariximizin örnəyinə çevrilir.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək qeyd edib ki, Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Oftalmoloqlar bu gün fəxr və qürur duyur ki, elə bir Azərbaycan xanımının, dəyərli akademikin peşəsinin davamçılarıdır. S.Məmmədova qeyd edib ki, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır. Bildirib ki, Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi. S.Məmmədova qeyd edib ki, Zərifə xanım ömrünün parlaq səhifələrinə silinməz yaradıcılıq izləri qoymuşdur. Bu gün Zərifə xanım bizim aramızda olmasa da qəlbimizdə yaşayır. Nə qədər Azərbaycan var Zərifə xanım da qəlblərdə əbədi yaşayacaq.


Partiya veteranı, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək bu ilin Azərbaycan xalqı üçün əlamətdar bir il olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğu, bununla bağlı ölkə başçısının imzaladığı sərəncamın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ulu Öndərlə bağlı xatirələrini bölüşən G.Rəhimova dahi rəhbərlə olan görüşlərini bu gün də qürur və hörmət hissi ilə xatırladığını söyləyib. “Ölkə Prezidentinin də söylədiyi kimi Heydər Əliyevin xatirəsinə olan hörmətimiz Onun yoluna olan sədaqətimizdir”, - deyən G.Rəhimova ölkə rəhbərinin imzaladığı həmin sərəncamın Azərbaycan xalqı üçün böyük töhfə olduğunu söyləyib. Akademik Zərifə Əliyevanın tibb sahəsində misilsiz xidmətlərinin qədirbilən xalqımız tərəfindən unudulmadığını qeyd edib.


Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Təcili Tibbi Yardım bölməsinin Acil şöbəsində həkim-terapevt Nəzrin Əliyeva çıxış edərək bildirib ki, elə şəxsiyyətlər, insanlar var ki, onların ömür yolundan danışarkən biz tarixi ənənələrin formalaşmasının iştirakçısı oluruq. Azərbaycan xalqı xoşbəxtdir ki, onun dövlətinin tarixində yaşayıb yaratmış Zərifə xanım Əliyeva kimi şəxsiyyətlər olub. N.Əliyeva bildirib ki, nə xoş mənə ki, Zərifə xanımın yetişdirdiyi həkimlərdən dərs almışam, həmin həkimlərin tələbəsi olmuşam. Universitetdə təhsil aldığı dövrdə də Zərifə xanımı hər zaman hörmət və ehtiramla andığını, tələbə yoldaşları ilə birlikdə dəyərli akademikin adına keçirilən tədbirlərdə iştirak etdiyini dilə gətirib. Bir gənc həkim kimi hər zaman Zərifə xanımın həyat və fəaliyyətindən örnək götürdüyünü vurğulayıb. Vaxtilə Zərifə xanımın söylədiyi “Bir həkim əsl həkim o vaxt olar ki, müalicə etdiyi xəstənin ağrısını öz ağrısı bilsin” fikrini hər an nümunə götürdüyü və iş fəaliyyətində tətbiq etməyə çalışdığını diqqətə çatdırıb.


Tədbirdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Ümummilli Lider Heydər Əliyevə və akademik Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda YAP sıralarına qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.

GOYEZEN.AZ


Geri qayıt