Əsas Səhifə > Səhiyyə > “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Sağlam həyata təmiz oksigenlə!” devizi altında ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Sağlam həyata təmiz oksigenlə!” devizi altında ağacəkmə aksiyası keçirilib


15-03-2023, 20:01


Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rəhbərliyi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən silsilə tədbirlər keçirilir. 

Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq Qazax şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə martın 15-də Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən Qazax RMX PHŞ-in ərazisində “Sağlam həyata təmiz oksigenlə!” devizi altında ağacəkmə aksiyası keçirilib. 

Tədbirdə Qazax RMX-nın rəhbərliyi və xəstəxana kollektivi ilə birlikdə 100 nəfərə yaxın adam iştirak edib. 

Aksiyada 80 ədəd sərv, 30 ədəd eldar şamı, 70 ədəd meyvə ağacı, 120 ədəd qızılgül kolu və digər dekorativ güllər əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. 

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Bu layihə eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. 

Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq. Qazax RMX bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Təşkilatçılar ağacəkmə aksiyalarını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

Xədicə GÜLÜYEVA,

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis


Geri qayıt