Əsas Səhifə > Səhiyyə > Qazaxda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Qazaxda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib


4-03-2023, 17:04


Martın 4-də Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mərkəzi Xəstəxananın akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, rayonun elm və mədəniyyət xadimləri, ziyalılar, tibb işçiləri iştirak ediblər. 

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, Vətən uğrunda canını fəda edən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. G.Həsənova görkəmli alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində olan misilsiz xidmətlərindən danışıb. Görkəmli alimin zəngin elmi irsinin bu gün də aktual olduğunu vurğulayan G.Həsənova Zərifə Əliyevanın elmi-pedaqoji-ictimai fəaliyyətinin gənc həkimlərin yetişməsinə, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb. G.Həsənova bildirib ki, Zərifə Əliyevanın zəngin elmi irsini özündə əks etdirən dəyərli kitablar bu sahənin mütəxəssislərinin, gələcəyin alimlərinin yararlandığı misilsiz töhfədir. “Zərifə xanım Heydər Əliyev kimi dahi liderin sədaqətli həyat yoldaşı, mənəvi dayağı və əsl dostu idi. O, Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq”, - deyə G.Həsənova bildirib.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini inkişaf etdirən akademik Zərifə Əliyevanın əvəzsiz xidmətlərini xüsusi qeyd edib. O, alimin traxoma xəstəliyinə qarşı mübarizə aparmasından, oftalmologiyanın aktual istiqamətlərindəki tədqiqatlarından da bəhs edib. Qeyd edib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə akademik Zərifə Əliyeva ən yüksək mükafata, SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın olub.


Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək akademik Zərifə xanım Əliyevanın XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb. M.Yusifov akademik Zərifə Əliyevanın Azərbaycanın tibb elminin inkişafında, ictimai həyatında mühüm rol oynadığını bildirib. Akademik Zərifə Əliyevanı gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, fitri istedada malik novator alim kimi xarakterizə edib.


BDU Qazax filialının Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək bildirib ki, Zərifə xanım görkəmli elm xadimi olduğu kimi, həm də gözəl ana, qayğıkeş həyat yoldaşı idi. O, hər zaman Ulu Öndər Heydər Əliyevin silahdaşı olub.


Qazax RMX PHŞ-in Poliklinika şöbəsinin müdiri, oftalmoloq Raqiyə İsmayılova akademik Zərifə Əliyevanın xatirəsini hər zaman uca tutduğunu qeyd edib. Zərifə xanımın peşəsinin davamçısı olduğu üçün qürur duyduğunu və öz fəaliyyəti ilə doğrultmağa çalışdığını söyləyib. 


Qazax RMX PHŞ-in oftalmoloqu Rahilə Əhmədova qeyd edib ki, akademik Zərifə Əliyevanın bizə qoyub getdiyi zəngin irs bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

Oftalmoloq Məlahət Mustafayeva qeyd edib ki, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq Zərifə xanımın həyatı, elmi fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir.


Tədbirdə Qazax RMX tərəfindən hazırlanan akademik Zərifə Əliyevanın fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Sonda tədbirə dəvət olunan qonaqlar və xəstəxana kollektivi görkəmli oftalmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş sərgi önündə xatirə şəkli çəkdiriblər.



Geri qayıt