Əsas Səhifə > Səhiyyə > Qazaxda "2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Qazaxda "2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib


26-01-2023, 21:17


Yanvarın 26-da “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin akt zalında "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyi (BQRTM) və "Servye" Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı, "Pasient Təşkilatları İttifaqı" və "Azərbaycan Diabet Liqası"nın tərəfdaşlığı ilə "2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş həkimi Allahverdi Quluyev tədbiri giriş sözü ilə açıb, qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq Qazaxda təşkil etdiklərinə görə minnədarlığını bildirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” haqqında məlumat verib. Diabetin səhiyyə qarşısında duran əsas çağırışlardan biri olduğunu vurğulayaraq, ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron reyestrinin və məlumat bazasının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, o cümlədən digər tədbirlər həyata keçirilir. Bir sözlə, dövlət tərəfindən dövrün, zamanın qaçılmaz xəstəliyi olan diabetli xəstələrə hər cür diqqət və qayğı göstərilir. Baş həkim qeyd edib ki, hər kəs öz sağlamlığının qeydinə qalmalı, davamlı fiziki aktivliklə, sağlam qidalanmaqla bu xəstəliyə qalib gəlməli, onu həyat tərzinə çevirməlidir. 

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kafedrasının assistenti, Endokrinoloq Könül İsmayılova şəkərli diabetin yayılma statistikası haqqında məlumat verib. Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. Şəkərli diabetə tutulmuş insanların sayı gündən-günə artır. Lakin bu o demək deyil ki, diabetli insan normal həyat sürə bilməz. Şəkərli diabeti vaxtında müəyyənləşdirib onunla mübarizə aparsaq, diabetin fəsadları ilə qarşılaşmarıq. Bu gün milli səhiyyəmiz davamlı inkişaf edir. Bütün xəstəliklərin, o cümlədən də şəkərli diabetin insan həyatı üçün təhlükəli olmasının qarşını almaq mümkündür. Bunun üçün diabeti nəzarətdə saxlamaq və sağlam həyat tərzi keçirmək kifayətdir. Biz 14 noyabrı bayram kimi qeyd etmirik. Bu günü ona görə təntənəli şəkildə qeyd edirik ki, bu gün insanlara sağlam həyat tərzi keçirməyin zəruriliyini anlatsın.

“Servye” MMC-nin kommersiya direktoru Arzu Həsənova çıxışında şəkərli diabetin endokrin xəstəliklər qrupuna aid olması, xəstəliyin təbiəti, klinikası, simptomları, şəkərli diabetin tipləri, müalicəvi yolları haqqında söhbət açaraq xəstəliyə tutulma riski yüksək olan insan qrupları haqqında da iştirakçıları maarifləndirib. O, şəkərli diabetin fəsadları, ağırlaşmaları, hansı orqanları zədələdiyini bildirərək xəstəliyin vaxtında aşkarlandığı və müalicə olunduğu təqdirdə insanın həyat tərzinə çevrildiyini nəzərə çatdırıb.

“Servye” MMC kommersiya koordinatoru Leyla Annaberdiyeva çıxışında diabet xəstəsi olan şəxslərə ailənin həssas və qayğıkeş münasibətinin əhəmiyyətini vurğulayıb. 

Tədbirdə iştirak edən şəkərli diabet xəstələrini maraqlandıran suallar cavablandırılıb.

Sonda layihənin gerçəkləşməsində əməyi olan insanlara və təşkilatlara təşəkkür edilib. Tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hazırlanmış bukletlər və maarifləndirici materiallar paylanılıb.



Geri qayıt