Əsas Səhifə > Səhiyyə > Qazaxda COVID-19 əleyhinə peyvəndləmə prosesi davam edir

Qazaxda COVID-19 əleyhinə peyvəndləmə prosesi davam edir


9-03-2022, 15:48


Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında respublikamızda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində görülən işlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən həyata keçirilən tədbirlərdə hər zaman ölkə vətəndaşlarının sağlamlığı əsas götürülür. Bu, hər kəs üçün örnək olmalı, vətəndaş olaraq hər birimiz edilən tələb və tövsiyələrə əməl etməli, ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərinə dəstək olmalıyıq.

Dünyanı cənginə alan koronavirus infeksiyası ilə ən güclü mübarizə üsulu vaksinasiyadır ki, bu sahədə də təqdirəlayiq işlər görülür. Ölkəmiz koronavirus əleyhinə peyvəndləmə prosesinə ilk başlayan dövlətlərdən biri kimi bu sahədə də uğurlu nəticələrə nail olub.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qazax rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla aparılır. "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır. 

Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə vaksinasiya prosesi həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Qazax rayonu üzrə vətəndaşlara 173 min 989 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 60 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 57 min 340, buster doza üzrə peyvənd olunanların sayı isə 56 min 273 nəfərdir.

Bundan sonra da dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etmək hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın yeganə yolu peyvənd olunmaqdır.


 

GOYEZEN.AZ


Geri qayıt