Bu gün təəssüf hissi ilə qeyd edə bilərik ki,
iyunun sonlarından başlayaraq ölkəmizdə koronavirusa yoluxma hallarında mənfi
tendensiya müşahidə olunur. Belə ki, COVID-19-a yoluxanların sayı həmin
xəstəlikdən sağalanların sayını üstələyir. Son statistikaya görə, artıq yoluxma sayı dördrəqəmli ədədlərlə ifadə
olunur. Belə ki, sentyabrın 3-də COVID-19-a 3762 yeni yoluxma faktı qeydə alınıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının
tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri işlər bu gün də
uğurla davam etdirilir. Pandemiya ilə mübarizədə ən effektiv vasitənin
vaksinasiya olduğunu nəzərə alan dövlətimiz tərəfindən ilk gündən bu sahədə
məqsədyönlü işlər görülür. Bütün dünya dövlətlərində olduğu kimi,
Azərbaycanda da COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesi həyata
keçirilir. Yanvar ayından start verilən və qorxulu pandemiyadan yeganə xilas
yolunun vaksinasiya olduğunu nəzərə alaraq bu sahədə aparılan işlər daim
diqqətdə saxlanılır. Son günlər yoluxma sayında olan artım da bir daha onu
söyləməyə əsas verir ki, bu bəladan xilas olmağın tək və yeganə yolu məhz
vaksinasiya olunmaqdır. Vaksinləşmənin əsas məqsədi də ölkəmizdə
yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və
ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların
vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə
strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı
vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa
yoluxmaqdan qorumuş olurlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci
il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya
Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Qazaxda da əhalinin peyvənd olunması prosesi uğurla aparılır.
Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis
Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup
üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Operativ Qərargahın COVID-19 infeksiyasının yayılmasının qarşısını
almaq məqsədilə vaksinasiya olunmaq, COVID pasportunun olması
barədə tələb və tövsiyələri rayon sakinlərinin nəzərinə çatdırılır. Bu
sahədə vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri
aparılaraq bildirilir ki, əhalinin
peyvənd olunması məhz onların sağlamlığının qorunmasına, gələcəkdə həyatın öz
axarına düşməsinə xidmət edir. Bu gün əminliklə deyə bilərik ki, Qazaxda bu
sahədə görülmüş məqsədyönlü işlər öz müsbət
nəticəsini verir. Belə ki, rayon mərkəzi xəstəxanasının həkim
heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində
əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı
rayon sakinlərinə bugünədək 102 min 803 doza
vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 56 min 421, ikinci
mərhələ üzrə peyvənd olunanların sayı isə 46 min 382 nəfərdir. Bu
gün Qazax rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 76,4% təşkil
edir.
Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronovirus
infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən
genişmiqyaslı işlər Qazax rayon sakinləri tərəfindən hər zaman razılıqla
qarşılanır və onlar buna görə dərin minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Geri qayıt
|