Əsas Səhifə > Səhiyyə > Qazaxda bu gündən səyyar həkim briqadaları tərəfindən vətəndaşların evlərdə vaksinasiya prosesinə start verilib

Qazaxda bu gündən səyyar həkim briqadaları tərəfindən vətəndaşların evlərdə vaksinasiya prosesinə start verilib


18-02-2021, 22:19


Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, Qazax rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

Əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1 qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Məlumat üçün bildirək ki, hazırda rayonda yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiya prosesi aparılır. Bu günə kimi ilkin mərhələdə 1487 nəfərə peyvəndin birinci dozası vurulub. Bu gündən isə səyyar həkim briqadaları tərəfindən vətəndaşların evlərdə vaksinasiya prosesinə start verilib.

Qeyd edək ki, vaksinasiya prosesi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.


 

GOYEZEN.AZ


Geri qayıt