Ölkəmizin bütün bölgələrində
olduğu kimi, Qazax rayonunda da Respublika
Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident
Mehriban Əliyevanın rəhbərliyi ilə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd
olunması kampaniyası uğurla davam etdirilir.
Qazax Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a
qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün
zəruri tədbirlər görülüb. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə
Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1
qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım
otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına
uyğun zəruri şərait yaradılıb.
Hazırda rayonda vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçiləri peyvənd olunur. Daha sonra
isə yaşı 50–dən yuxarı olan
rayon sakinləri könüllülük əsasında peyvənd olunacaqlar.
Qeyd edək ki, rayonda 1464 nəfər
tibb işçisi çalışır ki, artıq 761 tibb işçisinə peyvəndin birinci dozası
vurulub və proses davam edir. Bundan əlavə, rayonda 31 nəfər dializ xəstəsi
kimi qeydiyyatdadır ki, onlardan 15 nəfəri peyvənd olunub. Bu günə kimi 776 nəfər COVID-19-a
qarşı vaksinasiya edilib.
Məlumat üçün onu da qeyd edək ki, Nazirlər Kabinetinin
2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında
COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”
təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində
səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları
tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.
Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının
qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail
olmaqdır.
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə
xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının
qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
GOYEZEN.AZ
Geri qayıt
|