20 Yanvar faciəsindən artıq 30 il ötsə də Azərbaycan
xalqı Vətən uğrunda canından keçən igid oğul və qızlarını heç zaman unutmur.
Onların əziz xatirəsi daim yad edilir və qəlblərdə yaşayırlar. 20 Yanvar Azərbaycanın
müasir tarixinə ən faciəli günlərdən biri kimi yazılmaqla yanaşı, həm də xalqımızın
qəhrəmanlıq salnaməsi kimi xatırlanır. Bu tarix bütün dünya tərəfindən Azərbaycan
xalqının azadlıq səsi, haqq, ədalət və suverenlik uğrunda mübarizəsinin simvolu
kimi qəbul edilir.
Hər il ölkəmizdə 20 Yanvar faciəsinin ildönümü
silsilə anım tədbrləri ilə qeyd olunur, xalqımız Şəhidlər xiyabanına gələrək Vətən
uğrunda canından keçən övladlarına ehtiramlarını bildirirlər.
Hər il
olduğu kimi, bu il də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında ölkə
Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncamın
imzalanması, həmin Sərəncamda Azərbaycan Respublikasının ərazisində və
ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr
olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının
hazırlanması və onun həyata keçirilməsinin öz əksini tapması bunun bariz
nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Samir Nuriyevin Sərəncamı ilə təsdiq edilən "20 Yanvar faciəsinin
otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"na əsasən keçirilən silsilə
tədbirlər davam edir.
Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsi anım tədbirləri ilə
qeyd olunur, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla
xatırlanır. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən
tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun
bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət
ocaqlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə
tədbirlər keçirilir.
Bu gün Qazax şəhər Polinklinikasında, Müalicə Diaqnostika Mərkəzində, Gigiyena və Epidemiologiya Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü anılıb.
Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanından start götürən anım tədbirlərində 20 Yanvar faciəsi qurbanlarının,
Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını
qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla
yad olunub.
Qazax Rayon
İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərovanın və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs-baş direktor Sevda Məmmədovanın da iştirak etdiyi tədbirlərdə çıxış
edənlər XX əsrdə insanlığa qarşı törədilmiş
qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan
yaddaşına əbədi həkk olunduğunu, 20 Yanvar hadisələrinin təkcə xalqımıza qarşı
deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildiriblər.
Çıxışlarda Qanlı 20
Yanvar hadisələrinə siyasi qiymət verilməsindən də söz açılıb. O zaman
yalnız Ümummilli Lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq 1990-cı il
yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan
nümayəndəliyinə gəlməsi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə
ittiham edərək bəyanatla çıxış etməsi qeyd edilib. Vurğulanıb ki, 1993-cü ilin
ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı
ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi
qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli
Fərmanında deyilir: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil
olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi
uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin
gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar
hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin
verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə
baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü
il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar
faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Bildirilib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin
müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmaqla
xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
GOYEZEN.AZ
Geri qayıt
|