Bu gün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən Qazaxda davamlı tibbi təhsillə əlaqədar aprelin 8-dən 17-dək təşkil
olunmuş səyyari kurslar uğurla başa çatıb. 10 gün müddətinə
davam edən kurslar Qazax Müalicə Diaqnostika Mərkəzində təşkil olunub. Həkim
terapevt, pediatr və ailə həkimi üzrə aparılan səyyari kurslarda həkimlərə
davamlı tibbi təhsillə bağlı maraqlı mövzular barədə ətraflı məlumatlar verilib.
Qazax rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə
bərabər, Qazax Müalicə Diaqnostika Mərkəzinin, eləcə də qonşu rayonlardan
Ağstafa, Tovuz və Şəmkir rayon Mərkəzi Xəstəxanalarının həkimləri də fəal
iştirak ediblər.
Davamlı tibbi təhsillə əlaqədar təşkil edilmiş
səyyari kursda iştirak edən müxtəlif ixtisaslardan olan 66 nəfər həkim
sertifikat və balla qiymətləndiriliblər. Eyni zamanda, həkimlərə kursu bitirmə haqqında şəhadətnamələr verilib.
Kurslarda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutundan (ADHTİ) assisent Rəsul İlahə Telmənqızı anemiya, onun
müalicəsi və profilaktikası, "Ailə təbabəti” kafedrasının müdiri, tibb
elmləri doktoru, professor Səadət Mahmudova "Ailə təbabəti konsepsiyasının
Azərbaycanda inkşafı” və "Ağciyərin xroniki obstruktiv xəstəlikləri”, Bakı şəhərinin Baş uroloqu, 3
saylı şəhər Kliniki Xəstəxanasının Urologiya şöbəsinin müdiri, tibb üzrə
fəlsəfə doktoru. Avropa və Amerika Beynənxalq Urologiya cəmiyyətinin üzvü İlqar
İsmayılov və "Ailə təbabəti” kafedrasının assisenti endokrinoloq
Dinar Qəhrəmanova uroloji xəstəliklərin müalicə və profilaktikası, şəkərli diabet, onun müalicəsi profilaktikası və
pəhrizi haqqında, "Ailə təbabəti” kafedrasının
assisenti, tibb elmləri namizədi Şəfaqət Verdiyeva "Kəskin qarın” xəstəlikləri, dosent, tibb elmləri namizədi
Aydın Zeynalov "Ürəyin işemik xəstəliyi” mövzularında həkimlərə
ətraflı məlumatlar veriblər.
Qazax
rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə
dövlət səviyyəsində göstərilən diqqət və qayğnın bu gün rayon rəhbərliyi
tərəfindən də uğurla davam etdirildiyini qeyd edib. O, bütün tibb işçiləri
adından ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Kurs rəhbəri Səadət Mahmudova səyyari kursun təşkilində göstərdiyi
diqqət və qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova
və rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədovaya Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rəhbərliyi
adından minnətdarlığını çatdırıb. Qonaqpərvərliyə və kursun təşkili zamanı
göstərilən qayğıya görə iştirak edən həkimlər adından sonsuz təşəkkürlərini ifadə
edib.
Sonda Səadət xanımın müəllifi olduğu "Ailə Həkimi” kitabı həkimlərə
hədiyyə olunub.
GOYEZEN.AZ
Geri qayıt
|