Əsas Səhifə > Səhiyyə > Qazaxın ilk qadın cərrah həkimi Tamilla Əfəndiyevanın anadan olmasının 90 illik yubileyi qeyd olunub
Qazaxın ilk qadın cərrah həkimi Tamilla Əfəndiyevanın anadan olmasının 90 illik yubileyi qeyd olunub27-12-2018, 19:31 |
Bu gün Qazax rayon səhiyyəsinin inkişafında müstəsna xidmətləri olmuş, şərəfli ömür yolu keçmiş, xeyirxah və qayğıkeş insan Tamilla xanım Əfəndiyevanın anadan olmasının 90 illik yubileyi qeyd olunub. Qazaxın ilk qadın cərrah həkmi olan Tamilla xanımın təcrübəli cərrah və xeyirxah insan kimi keçdiyi şərəfli ömür yoluna bir daha nəzər salınıb, gənc həkimlərimizə örnək göstərilib. Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının böyük zalında keçirilən tədbirdə rayonda çalışan həkimlər, idarə, müəssisə, təşkilat rəhbərləri, həkimin ailə üzvləri, yaxınları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, gənc rəssam Akif Əmirov təcrübəli həkimin həyat və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, T.Əfəndiyeva 1928-ci ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya göz açmışdır. 1935-ci ildə məktəbə ilk dəfə qədəm qoyan Tamilla xanım şəhər 1 saylı tam orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1950-ci ildə həmin institutu bitirərək doğma torpağı Qazaxa təyinat almışdır. Səhiyyə sahəsində uzunmüddətli fəaliyyətinə görə T.Əfəndiyeva Səhiyyə Nazirliyi tərəfindən birinci dərəcəli həkim cərrah adını almışdır. 1985-ci ildə səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə Əmək Veteranı adına layiq görülmüşdür.
Sonra T.Əfəndiyevanın həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək bildirib ki, həkimlik müqəddəs bir peşədir. 60 il gecəsini gündüzünə qataraq neçə-neçə analara övlad sevinci bəxş etmiş Tamilla həkimin rayon səhiyyəsinin inkişafındakı xidmətləri danılmazdır. Onun keçdiyi şərəfli ömür yolu və səhiyyə sahəsində gördüyü işlər, sənətinə olan sonsuz sevgisi bu gün gənc həkimlərimizə bir örnəkdir.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi Kəmalə Cəfərova çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Rayon rəhbərliyi tərəfindən səhiyyə sahəsinə, həkimlərimizə göstərilən diqqət və qayğıdan danışıb. Qazax səhiyyəsinin inkişafında misilsiz xidmətləri olan həkimlərimizin hər zaman dərin hörmətlə yad edildiyini, xatirələrinin əziz tutulduğunu qeyd edib.
Qazax Rayonlararası Ruhi Xəstəxanasının baş həkimi Ramiz Mansurov, həkimlərdən mama-ginekoloq Amaliya Mustafayeva, pediatrlardan Şölə Mustafayeva, Lətifə Məmmədova, cərrah Binyamin Abbasəliyev, stomatoloq Hüsniyyə Məmmədova, təqaüddə olan həkimlərdən Dilarə Nağıyeva, Zenfira Mustafayeva, şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova yubiley tədbirində söz alaraq Tamilla xanımın nəinki təcrübəli bir həkim, eyni zamanda, bütün insani keyfiyyətlərə malik olan bir insan olmasını qeyd ediblər. Vurğulayıblar ki, səhətini şam, özünü isə pərvanə bilən T.Əfəndiyeva başqalarına işıq verərək öz ömrünü insanların sağlamlığına həsr etmişdir. Qan lazım olan xəstələrinə öz qanını, hətta, yeri gələndə övladlarının belə qanını əsirgəməyən bu insan həmişə xəstələrinə şam işığı qədər olsa belə işıq verməyə çalışmışdır.
Bildiriblər ki, Qazaxımızın ilk qadın cərrahı kimi tarixə düşən T.Əfəndiyeva neçe-neçə körpələri, eləcə də onları dünyaya gətirən anaları ölümün pəncəsindən xilas etmişdir. Bunun qarşılığı isə gənc anaların öz körpələrinə onun adını verməsi olurdu. Bu gün o bizimlə olmasa da onun adını yaşadanların sayəsində əbədiləşir, ürəklərdə silinməz izlər qoyur. Tibb bacısı və şairə Tamella Poladlı da çıxış edərək Tamilla həkimin yubileyinə həsr etdiyi şeirini söyləyib, onunla bağlı xatirələrindən söz açıb. Həkimin ailə üzvlərindən – gəlini, İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva çıxış edərək bu gün Tamilla xanımın sənətinə verilən dəyərə, göstərilən diqqətə və belə yüksək səviyyədə tədbirin təşkilinə görə əməyi keçən insanlara ailəsi adından dərin minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Geri qayıt |