Əsas Səhifə > Səhiyyə > Qazaxda Diabet Gününə həsr olunmuş “açıq qapı günü” keçirilib
Qazaxda Diabet Gününə həsr olunmuş “açıq qapı günü” keçirilib14-11-2018, 12:06 |
Noyabrın 13-də Ümumdünya Diabet Günü ilə əlaqədar Tovuz, Qazax, Masallı və Lənkəran rayonlarının mərkəzi xəstəxanalarının poliklinikalarında "açıq qapı günü” keçirilib. Qazax şəhər Poliklinikasında keçirilən aksiyada Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Mərkəzi Xəstəxananın baş həkim əvəzi Sevda Məmmədova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim metodisti Qadir Qurbanov və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin aparıcı mütəxəssisi Nərgiz Qurbanova iştirak ediblər. Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi aksiya çərçivəsində həkim-endokrinoloqlar sakinləri diabet, onun risk faktorları, müalicəsi və fəsadları barədə məlumatlandırıb, müxtəlif maarifləndirici materiallar paylanılıb. Həmçinin müraciət edənlərdən şəkərin təyini ilə bağlı analizlər götürülüb və nəticələrdən asılı olaraq lazımi tövsiyələr verilib. Məlumat üçün qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Fondunun təşəbbüsü ilə 14 noyabr 1991-ci ildən Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır. Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” qəbul olunub. Proqram çərçivəsində şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilir.
GOYEZEN.AZ
Geri qayıt |