Əsas Səhifə > Səhiyyə > Qida zəhərlənməsi zamanı nə etməli? –

Qida zəhərlənməsi zamanı nə etməli? –


14-07-2018, 10:50
Qida zəhərlənməsi zamanı nə etməli? –
Son zamanlar qida məhsullarının tərkibində mikroorqanizmlərin və onların toksinlərinin çoxalması nəticəsində baş verən kəskin bağırsaq infeksion xəstəliyi zamanı qida zəhərlənmələri baş verir. Kəskin başlanğıc infeksiya, qastroenterit əlamətləri ilə xarakterizə olunan bu zəhərlənmələr bəzən kütləvi xarakter daşıyır. Bəs görəsən qida zəhərlənmələrinə səbəb olan amillər hansılardır? Ümumiyyətlə, zəhərlənmənin əlamətləri nədir və zəhərlənən adama ilkin tibbi yardımı necə etmək olar?

Bununla bağlı GOYEZEN.AZ-a danışan Qazax Rayon Poliklinikasının sahə həkmi Nigar Xəlilova bildirdi ki, qida zəhərlənmələri protens, klebsiella, enterobakter, vibrio sinfinə mənsub olan və s. şərti patogen bakteriyalar tərəfindən törədilir. İnfeksiya mənbəyi xəstə insanlar, heyvanlar və ya bakteriya daşıyıcılarıdır. Toksikoinfeksiya oral yolla ötürülür. Mikroorqanizmlər qida məhsullarında aktiv olur və toplanırlar. İnsanlar bu qidalardan istifadə etdikdə qida toksikoinfeksiyası baş verir.

Toksikoinfeksiya heyvani mənşəli qidalardan istifadə etdikdə daha da çoxalır. Ət, süd məhsulları, balıq, yağlı, kremli konditer məhsulları stafilakokklarla çirklənmiş məhsullar normal qidalardan görünüşünə və dadına görə fərqlənmir. İsti mövsümlərdə toksikoinfeksiyalar çoxalır. Çünki havanın temperaturu bakteriyaların aktiv çoxalmasına səbəb olur. Mikroorqanizmlərlə çirklənmiş qidalardan istifadə etdikdə xəstəliyin ağırlıq dərəcəsi fərqli olur. Belə ki, müqaviməti zəif olan şəxslər, azyaşlı uşaqlar, qocalar, cərrahi əməliyyat keçirənlər, uzun müddət antibiotik müalicəsi alanlar xüsusi risk qruplarına daxildirlər. Xəstəliyin patogenizində törədicilər tərəfindən ifraz olunan toksinlər əsas rol oynayırlar.

Həkimin sözlərinə görə qida zəhərlənməsinin ilk səbəbi əksər insanların düzgün qidalanmamasıdır. İkincisi, daim sanitar-epidemioloji nəzarətdə olan normal satış müəssisələrindəki, market və kafelərdəki qidalardan istifadə etməmələridir. Uşaq müəssisələrinin yeməkxanalarında, qida məhsullarının hazırlanması, saxlanması və göndərilməsi ilə məşğul olan müəssisələrdə fərdi gigiyena qaydalarına əməl olunmamasıdır. Digər səbəb isə xroniki mədə-bağırsaq problemi olan insanların yediklərinə diqqət etməmələridir. İstər hazır qida olsun, istərsə də hansısa meyvə-tərəvəz fərq etməz. İnsanlar artıq bilməlidir ki, xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola biləcək həmin qidaları yemək olmaz.

Zəhərlənmənin ilkin əlamətlərindən danışan həkim qeyd etdi ki, əgər bir ailədə bir qidadan 3-4 nəfər yeyibsə və həmin şəxslərdən ikisində eyni şikayətlər müşahidə edilərsə, bu, zəhərlənmənin ilkin əlaməti ola bilər. Simptomları: inkubasiyanın gizli dövrü nadir hallarda bir neçə saatı keçir. Xəstəlik kəskin başlayır. Ürək bulanması, çoxlu miqdarda qusma, enterit diareya ilə müşayət olunur. Defekasiya aktı gündə 10 dəfə və daha çox olur. Qarında tutma şəkilli ağrı, hərarətin yüksəlməsi (1 gündən artıq davam etmir), infeksiya əlamətləri: üşütmə, bədəndə qırılma, zəiflik, baş ağrısı müşahidə olunur. Tez bir zamanda maye itirilməsi (qusma və diareya) nəticəsində dehidratasiya (susuzlaşma) sindiromunun meydana çıxmasına səbəb olur. Xəstələr avazımış, dəri örtükləri quru, ətraflar soyuq olur. Epiqastrol nahiyədə və göbək ətrafında palpasiya zamanı ağrı, taxikardiya (“ürək döyünmə”), arteriyal hipertenziya qeyd olunur. Xəstəlik 1-3 gün davam edir.

N.Xəlilova qeyd edir ki, qida infeksiyalarında müalicə tədbirlərinə mədənin zondla yuyulması (ilk saatlarda) daxildir. Əgər ürək bulanma və qusma davam edərsə, bu prosedur gec də olsa oluna bilər. Dehidratasiyanın qarşısını almaq üçün xəstəyə tez-tez az porsiyalarla rehidratasion məhlullar, şirin çay verilir. Ağır hallarda venadaxili rehidratasion qarışıqlar təyin olunur. Ağır gedişli qida zəhərlənmələrində infeksiyalarda antiobakterial dərmanlar da təyin edilə bilər. Qusma və diareya dayandıqdan sonra fermentativ pereparatlar vermək olar. Proqnoz əksər hallarda yaxşıdır. 2-3 günə sağalma baş verir.

Həkim onu da vurğuladı ki, qida zəhərlənməsindən şübhələndikdə həkimə müraciət edənə qədər su qəbul edərək qusmağa çalışılmalıdır. İlk olaraq, mədə-bağırsağı yumaq – çoxlu miqdarda sodalı, ya marqanslı su içmək, bağırsağı təmizləyici imalə etmək lazımdır. Əgər bunun heç bir xeyri yoxdursa, dərhal təcili yardım çağırılmalıdır. Çünki zəhərlənmə inkişaf etdikdə onu ev şəraitində müalicə etmək məsləhət deyil. Bu zaman çox pis ağırlaşmalar baş verə bilər.

Geri qayıt