Əsas Səhifə > Səhiyyə > Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Qazaxda 2 uşaq dünyaya gəlib
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Qazaxda 2 uşaq dünyaya gəlib1-06-2018, 19:55 |
Qazax rayonunda bütün sahələr diqqətdə saxlanılır, hətta əlamətdar günlərdə doğulan körpələrə belə qayğı göstərilir. Növbəti belə bir diqqət və qayğı bu gün göstərilib. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə iki gənc ailədə yeni uşaq dünyaya gəlib. Məcburi köçkün Qurbanov Seymur Qiyas oğlu və Əsədova Nurlanə Natiq qızının ailəsində qız övladı doğulub. Valideynlər ilk uşaqlarının adını Nərgiz qoyublar. Daş Salahlı kəndindən olan daha bir gənc ailənin ilk övladı olub. Uşaqlarının adını Zəhra qoyan gənc ata-ananın - Emil Cəfərov və Raya Mustafayevanın da sevincinin həddi-hüdudu yoxdur. Bu gün yeni övladları dünyaya gəlmiş anaları təbrik etmək üçün tədbir keçirilib. Qazax rayon İcra Aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, rayon Mərkəzi Xəstəxanasının baş həkimi əvəzi Sevda Məmmədova, rayon qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova doğum evinə gəliblər. Doğum evinin müdiri Aynur Namazlı bu gecə doğulan körpələr haqqında məlumat verərək anaların və uşaqların vəziyyətlərinin normal olduğunu bildirib. K.Cəfərova rayon rəhbərliyinin təbriklərini çatdıraraq hər iki anaya gül dəstələri təqdim edib və paltar dəstlərini verib. M.Səmədova gənc anaları təbrik edərək onlara doğum haqqında şəhadətnaməni təqdim edib. S.Məmmədova isə övladlarının xoşbəxt və sağlam böyümələri üçün gənc analara ən xoş arzularını bildirib. Elçin İSMAYIL Geri qayıt |