Əsas Səhifə > Şəhidlər > Şəhidlik uca zirvədir...
Şəhidlik uca zirvədir...Dünən, 13:40 |
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------- Şəhidlik! Ən uca zirvə! Vətənpərvərliyin ən ali məqamı! Bu zirvəyə torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək ölümün gözünə dik baxan igid Vətən oğulları yüksəlirlər. Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Vətən naminə canından keçən oğullarımız unudulmurlar. Şəhidlik adlı müqəddəs ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, hər birimiz üçün şərəfli və örnək sayılır. Torpaq, Vətən uğrunda döyüşə atılan, yağı düşmənin gülləsindən qorxmayan igid, mərd oğullarımız bizim qəlbimizdə əbədi yaşayırlar. Doğma Vətən torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək hər birimizin ən ümdə işi olmalıdır. Eyni zamanda, onların keçdiyi döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən kiçik leytenant İsrayıl Əfəndiyevin, Namiq Hacıyevin, çavuş Kamil Kərimovun, Cavid Omarovun, gizir Elvin Orucovun, baş gizir Arif Kazımovun, Seymur Əliyevin əziz xatirəsini ehtiramla yad edirik. Kiçik leytenant Əfəndiyev İsrayıl Süleyman oğlu Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə şəhid Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1981-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 1983-cü ildə tərxis olunmuşdur. 1983-cü ildə Bakı şəhəri Bədən Tərbiyə Texnikumuna qəbul olmuş, 1986-cı ildə texnikumu bitirmişdir. 1988-ci ildən 1993-cü ilə kimi Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbdə bədən tərbiyə müəllimi işləmişdir. 1994-cü ildə üç aylıq zabitlik kursuna göndərilmişdir. Həmin ildə kiçik leytenant rütbəsi alaraq 707 saylı hərbi hissəyə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Xidməti dövründə hərbi hissə komandirinin döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. 16 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babakər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 dekabr 1994-cü ildə İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmudşur. Ailəli idi, 2 övladı var. Hacıyev Namiq Səhrab oğlu Hacıyev Namiq Səhrab oğlu 17 dekabr 1974-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1992-ci ilin dekabrında Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il mart ayının 1-də Ağdamda cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Çavuş Kərimov Kamil Ələddin oğlu Şəhid çavuş Kərimov Kamil Ələddin oğlu 2 iyul 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2002-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyanı bitirmişdir. 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində (Şəmkir rayon ərazisində 379 saylı hərbi hissənin kəşfiyyat bölüyündə) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur kəşfiyyatçı idi, verilən tapşırıqları peşəkarlıqla yerinə yetirirdi. İkinci Qarabağ müharibəsi başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil. Sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Sentyabrın 29-da isə Kamil Kərimovun sonuncu döyüşü olub. Snayper silahından atılan güllə ilə düz ürəyindən vurulan Kamil Kərimov döyüş meydanında qəhrəmancasına şəhid olub. İgid Vətən oğlu 17 dekabr 2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan çavuş Kamil Kərimovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Omarov Cavid Hüseynəli oğlu Omarov Cavid Hüseynəli oğlu 27 oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Şəhid Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Qazax zonasında xidmət etmişdir. 18 dekabr 1993-cü ildə şəhid olmuşdur. Evli olub. 2 övladı var. Gizir Orucov Elvin Rövşən oğlu Şəhid Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin 1-ci sinifinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixindən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır. Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları ilə təltif olunub. Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşaraq Fəxri Fərmanla təltif olunmuşdur. Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci ildə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalıb.Bütün şəhidlərimiz kimi Elvin Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Şəhərin Əliağa Şıxlinski küçəsində qəhrəman şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunub. Çavuş Yolçuyev Fərman Sabit oğlu Yolçuyev Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1976-cı ildə şəhid İslam Nəsibov adına Aşağı Əskipara kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Polis əməkdaşı çavuş Yolçuyev Fərman Sabit oğlu 11 may 1992-ci ildə şəhid olmuşdur. Baş gizir Kazımov Arif Nəbi oğlu Kazımov Arif Nəbi oğlu 21 dekabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildən 1985-ci ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra elə sovet ordusu sıralarında qalaraq gizir rütbəsində hərbçi kimi işləmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən xaricdən gələrək Azərbaycan Ordusunda könüllü olaraq xidmət etməyə başlamışdır. 1997-ci il aprel ayının 19-da Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Arif Kazımov 20 apreldə doğulduğu Yuxarı Salahlıda yaylım atəşi altında dəfn olunmuşdur. Kazımov Arif Nəbi oğlu ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı (№ 873) ilə təltif olunmuşdur. Bir qızı və adını qoyduqları bir oğlu var. Əliyev Seymur Rövşən oğlu Əliyev Seymur Rövşən oğlu 22 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2005-2006-cı illərdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 15 avqust 2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Subay idi. Geri qayıt |