Əsas Səhifə > Şəhidlər > Vətən naminə canlarını fəda edənləri yad etmək hər birimizin borcudur
Vətən naminə canlarını fəda edənləri yad etmək hər birimizin borcudur17-11-2024, 14:56 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------- Vətən naminə, torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını Şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim ən ümdə vəzifəmizdir. Vətən oğullarının keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, - deyərək döyüşə atılan, Şəhidlik adlı müqəddəs zirvəni fəth edən şəhidlərimizi, onların keçdikləri döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər kəsin ən əsas işi olmalıdır. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən kapitan Yaşar Əhmədovun, Süleyman Süleymanovun, kiçik çavuş Əhməd Məmmədovun, Vidadi Mustafayevin, Mustafa Süleymanovun, baş çavuş İsmayıl Qəsəbovun, əsgər Sakit Allahverdiyevin, İlkin əsgər Əliyevin, leytenant Musa Vəliyevin, gizir Anar Nağıyevin əziz xatirəsini ehtiramla yad edirik. Kapitan Əhmədov Yaşar Mail oğlu Kapitan Əhmədov Yaşar Mail oğlu 11 noyabr 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə getmiş və 1990-cı ildə hərbi xidməti başa vurmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikasının Kremençuq Uçuş məktəbinə daxil olmuşdur. Oxuduğu məktəb Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında olan müqavilə əsasında həyata keçirilmişdir. Aviasiya Akademiyası açıldıqdan sonra 1994-cü ilin may ayında Milli Aviasiya Akademiyasında təhsilini davam etdirməyi təmin edilmişdir. Oxuduğu dövrlərdə həm Ukraynada, həm də burada praktiki uçuşlar yerinə yetirmişdir. Mİ-2 və M-8 tipli helikopter pilotu kimi Sertifikat almışdır. 1996-cı ilin dekabr ayında həmin Akademiyanı müvəffəqiyyətlə bitirmiş və 1998-ci ildə təyyarəçi kimi işləməyə başlamışdır. İşlədiyi 15 il ərzində bir neçə medalla mükafatlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2008-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2008–ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur. Əhmədov Yaşar Mail oğlu 11 fevral 2012-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mİ-17 helikopter qəzaya uğramış və 3 ekipaj üzvü ilə birlikdə şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Süleymanov Süleyman Elçin oğlu Süleymanov Süleyman Elçin oğlu 11 noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətinə Ağdam rayonunda başlamışdır. 2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən snayperi tərəfindən vurularaq şəhid olmuşdur. Şəhid Daş Salahlı kənd Şəhidlər xiyabanında dəfn olunmuşdur. Şəhidin doğulduğu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilmişdir. Kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu Şəhid Əhməd Məmmədov 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətini davam etdirmişdir. Kiçik çavuş rütbəsinə qədər yüksəlmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), kəşfiyyatçı, kiçik çavuş Əhməd Məmmədovun döyüş yolu Cəbrayıldan başlayıb. Cəsurluğu, mübarizliyi ilə fərqlənərək həmişə öndə olub, Şuşanın azad olunmasına qədər gedən qanlı savaşda şərəfli bir döyüş yolu keçib. Kəşfiyyatçı Əhməd Məmmədov 08.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 11 noyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Əhməd Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Əhməd Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib. Mustafayev Vidadi Məhəmməd oğlu Mustafayev Vidadi Məhəmməd oğlu 12 noyabr 1964-cü ildə Qazax rayonunun Xeyrımlı kəndində anadan olmuşdur. 1971-ci ildə Xeyrımlı kənd ibtidai məktəbin 1-ci sinifinə getmişdir. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Xeyrımlı kəndinin müdafiəsində iştirak etmişdir. 30 oktyabr 1992-ci ildə şəhid olmuşdur. Süleymanov Mustafa Mədəd oğlu Süleymanov Mustafa Mədəd oğlu 12 noyabr 1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Kosalar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildən ordu sıralarına çağırılmışdır. Azərbaycan Respublikasının bütün bölgələrində döyüşmüşdür. 17 yanvar 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi, iki övladı var. Baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini “N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın “N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. Əsgər Allahverdiyev Sakit Şahin oğlu Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş “N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi. Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə adını əbədiləşdirən bulaq inşa olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Əsgər Əliyev İlkin Bəxtiyar oğlu Şəhid Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı. 2019-cu ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. “N” saylı hərbi hissənin artilleriya divizionun 1-ci batareyanın, 1-ci tağımın 2-ci topun komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14.11.2020-ci il tarixdə Xocavənddə şəhid olmuşdur. 16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Subay idi. Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində adını əbədiləşdirən bulaq inşa olunub və həmin bulağın yanında dayanacaq qoyulub. Leytenant Vəliyev Musa Rəşid oğlu Vəliyev Musa Rəşid oğlu 16 noyabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Gizir Nağıyev Anar Sahib oğlu Şəhid Anar Nağıyev 30 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Alıuşağı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçdüyünə görə təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə davam etdirmiş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olmuşdur. Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa gedib. 21 yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi almış, "N" saylı hərbi hissədə xidmət etməyə başlamışdır. 2012-ci ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş, gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirmişdir. Anar Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2017), "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medalları ilə təltif olunmuşdur. “N” saylı hərbi hissənin hərbi qulluqçusu gizir Anar Nağıyev 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 17.11.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, üç azyaşlı – Röyal adlı oğul, Jasmin və Anarə adlı qız övladları yadigar qalıb. İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, gizir Anar Nağıyevin də göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Anar daha sonra 5 medala da layiq görülmüşdür. Anar Nağıyev ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 noyabr 2020-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülmüşdür. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Qarabağ” ordenli şəhidimizin adı verilib. Geri qayıt |