Əsas Səhifə > Şəhidlər > Vətən müharibəsi şəhidi Elşən Orucovun ildönümündə əziz xatirəsini ehtiramla anırıq
Vətən müharibəsi şəhidi Elşən Orucovun ildönümündə əziz xatirəsini ehtiramla anırıq6-11-2024, 09:58 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlu da qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır. Noyabrın 6-sı 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 4 il ötür. Bu gün Elşən Orucov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Elşən Orucov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Elşən kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər Elşən tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Şəhid Elşən Orucov 6 avqust 1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissəsinin 2-ci taborunun tank tağımının baş sürücü mexaniki idi. Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci ildə isə sinəsinə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində layiq görülmüşdür. Elşən Orucov 04.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Ehtiram adlı oğul, Ayla adlı qız övladı yadigar qalıb. İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elşən Orucov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Geri qayıt |