Əsas Səhifə > Şəhidlər > Vətən müharibəsi şəhidi Babək Həsənovu ildönümündə ehtiramla anırıq

Vətən müharibəsi şəhidi Babək Həsənovu ildönümündə ehtiramla anırıq


4-11-2024, 07:48

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər oldu və sonunda Böyük Qələbə qazandı. Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.


Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan igidlərimizdən biri də Həsənov Babək Saleh oğludur. Babək Həsənov da torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatılmışdı. 

Noyabrın 4-ü 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 4 il ötür. Bu gün Babək Həsənov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Babək Həsənov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Babək kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər Babək tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Şəhid Babək Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1996-cı ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının alınması uğrunda gedən döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 04.11.2020-ci il tarixdə Laçın rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Əfsanə adlı 1 azyaşlı qız övladı yadigar qalıb.

Vətən uğrunda canından keçən şəhidimizin döyüş meydanında göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Babək Həsənov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.


Geri qayıt