Əsas Səhifə > Şəhidlər > Şəhid olmaq verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır

Şəhid olmaq verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır


6-10-2024, 11:53

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik, şəhid olmaq verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlər bizim həm niskilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər isə ölmürlər. Aylar, illər, fəsillər keçdikcə onların göstərdikləri rəşadət dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Bəli, azadlığımızı canı ilə qazanıb, qanı ilə yazanları yad etmək, xatırlamaq, gələcək nəsillərə tanıtmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. 

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Aqil Musayevin, İslam Əsgərovun, Paşa Şahquluyevin, leytenant Elmar Bayramlının, Rövşən Alıyevin, Pəhlivan Abbasovun, Ələsgər Vəliyevin, kapitan Rövşən Pənahovun, gizir Səbuhi Məmmədovun, çavuş Ruslan Hüseynovun, Adil Vəliyevin, əsgər Nicat Nəsibovun, əsgəDavud Qurbanovun, Şamil Məmmədovun, Məmmədkərim Cəfərovun, Gülayə Yusibovanın əziz xatirəsini ehtiramla yad edirik.

Milli Qəhrəman Musayev Aqil Hüseyn oğlu


Çavuş Musayev Aqil Hüseyn oğlu 3 noyabr 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1982-ci ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1992-ci ildə 11-ci sinifini bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi - torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən  döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına şəhid oldu. Subay idi. 

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayon Hüseynbəyli kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur. Qazax şəhərindəki küçələrdən biri şəhidimizin adını daşıyır. Xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Əsgərov İslam Kamal oğlu


Əsgərov İslam Kamal oğlu 30 sentyabr 1972-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə hərbi çağırışla Vətən torpaqlarını erməni quldurlarından qorumağa getmişdir. 1993-cü il iyul ayının 8-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır.

Şahquluyev Paşa Hümbət oğlu


Şahquluyev Paşa Hümbət oğlu 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1953-1955-ci illərdə SSRİ ordusunda hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra Kəmərli kəndində yaşayaraq fermada və müxtəlif işlərdə fəhlə işləmişdir. 30 sentyabr 1995-ci ildə erməni əsirliyindən qayıdan günü şəhid olmuşdur. Ailəli idi. Üç övladı var.

Leytenant Bayramlı Elmar İsa oğlu


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır. 

Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Qürurverici olan odur ki, bu gün şəhidimizin adını yaşadan balaca Elmar böyüyür. Şəhidimizin hərbçi qardaşının oğul payı şəhid əmisinin adını yaşadır.

Alıyev Rövşən Cəbrayıl oğlu


Alıyev Rövşən Cəbrayıl oğlu 1 oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə Qızılhacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1995-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına çağırılmışdır. 8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Subay idi.

Abbasov Pəhlivan İsə oğlu


Abbasov Pəhlivan İsə oğlu 2 oktyabr 1961-ci ildə Məzəm kəndində anadan olmuşdur. 1968-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1978-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və sovet ordusu sıralarına çağırılmışdır. Abbasov Pəhlivan İsə oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 3 övladı var.

Vəliyev Ələsgər Oruc oğlu


Vəliyev Ələsgər Oruc oğlu 25 noyabr 1967-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 2 oktyabr 1993-cü ildə şəhid olmuşdur.

Kapitan Pənahov Rövşən Mahmud oğlu


Şəhid Rövşən Pənahov 2 oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin 9-cu sinifini bitirmişdir. 2004-2006-cı illərdə Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil  olmuşdur. 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirmişdir. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. 2014-2020-ci illərdə müxtəlif “N” saylı hərbi hissələrdə xidmət göstərmişdir. 

Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, 26.06.2017-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır. 

Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Nilay adlı qız, Elay adlı oğul övladı yadigar qalıb. 

Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra  ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Birinci Şıxlı kəndində yaşadığı evin önündə barelyefi vurulub.

Gizir Məmmədov Səbuhi Hümbət oğlu


Şəhid Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci  sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından “N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə “N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini müxtəlif “N” saylı hərbi hissələrdə davam etdirmişdir. 

Nümunəvi xidmətinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə də təltif olunmuşdur.

Gizir Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Şəhid gizirimiz subay idi. 

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Bala Çaylı kəndində adını əbədiləşdirən bulaq inşa olunub.

Çavuş Hüseynov Ruslan İsfəndiyar oğlu


Hüseynov Ruslan İsfəndiyar oğlu 3 oktyabr 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1979-cu ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-1991-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. “N” saylı Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Ruslan Hüseynov 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur.

Vəliyev Adil Habil oğlu


Vəliyev Adil Habil oğlu 3 oktyabr 1990–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2013-cü il aprel ayının 15-də Xanlıqlar kəndi ərazisində təmas xəttini keçərək göyərti yığmağa gedən zaman minaya düşmüşdür. Yaralı vəziyyətdə ərazidən çıxarılmasına cəhd edilmiş, lakin erməni snayperləri imkan verməmiş, qanaxmadan vəfat etmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən atəş dayandırıldıqdan sonra onun nəşi ərazidən çıxarılmışdır. 

Əsgər Nəsibov Nicat Səməd oğlu


Şəhid Nicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2017-ci ilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Gəncə Regional Kollecində təhsilini davam etdirmişdir. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. 

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin doğulduğu kənddə yaşadığı evin qarşısında xatirəsini əbədiləşdirən bulaq inşa olunub. 

Əsgər Qurbanov Davud Tariyel oğlu


Şəhid Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və 2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında “Space” televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından “Azad Azərbaycan” (ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır. Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgər Davud Qurbanov 02.10.2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Məmmədov Şamil Rəfi oğlu


Məmmədov Şamil Rəfi oğlu 1 aprel 1967-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1974-cü ildə Fərəhli kənd ümum orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1983-85-ci illərdə Alpout kənd tam orta məktəbin 10-cu sinifini bitirmişdir. 1985-87-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra kənd təsərrüfatı sahələrində işləmişdir. 4 oktyabr 1993-cü ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Hazırda həyat yoldaşı və oğlu Fərəhli kəndində yaşayır. 

Cəfərov Məmmədkərim Sosu oğlu


Cəfərov Məmmədkərim Sosu oğlu 5 oktyabr 1964-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1981-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 28 may 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babakər adlı postda qulluq edərkən minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir övladı var.

Yusibova Gülayə Məhəmməd qızı


Yusibova Gülayə Məhəmməd qızı 1952-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1957-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə getmişdir. 1967-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 10-cu sinifini bitirmişdir. 6 oktyabr 1991-ci ildə Xeyrımlı kəndində şəhid olmuşdur.  


Geri qayıt