Əsas Səhifə > Şəhidlər > Vətən Sizinlə qürur duyur Şəhidim!
Vətən Sizinlə qürur duyur Şəhidim!29-09-2024, 10:07 |
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------------------- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə yaddaşlara əbədi həkk olundu. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də Xeyirin Şər üzərində qələbəsi oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olundu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu baş əyməliyik. “Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də əsgər Hüseynov İlqar Yaşar oğludur. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidimizin yoxluğundan artıq 4 il ötür. Sentyabrın 29-u döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun anım günüdür. Bu gün igid Vətən oğlunun dördüncü ildönümüdür. GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, İlqar Hüseynov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var İlqar kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman İlqar tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Şəhid İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinifinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Şəhid İlqar Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidin yaşadığı küçənin girişində magistral yolun kənarında adını əbədiləşdirən dayanacaq qoyulub.
Geri qayıt |