Əsas Səhifə > Şəhidlər > Hələ xəbəri yoxdu...

Hələ xəbəri yoxdu...


14-09-2024, 17:45


Cəmi 1 il 4 aydır ki, dünyaya gəlib, Azay. Cəmi 16 aydır ki, göz açdığı bu dünyanın acısından, ağrısından xəbəri yoxdu. Tanrının hələ dünyaya gəlməmişdən onun üçün hazırladığı taledən, qisməti-qədərdən də xəbəri yoxdu... Axı, hardan bilsin ki?...

Ötən ilin mayında doğulanda adını Azay qoydular. Atası Azərin adını yaşatmaq üçün anası Aytən xanımın adını birləşdirdilər bu körpə adında. Özü də bilmədən ata ilə anasını qovuşdurdu öz adında Azay bala. Bu dünyada tez ayrıldılar, heç olmasa onun adında əbədi birləşsin, deyə. Yenidən qovuşdular bir körpənin timsalında Azərlə Aytən.

...Yenicə yeriməyə başlayıb Azay. Hələ ilk addımlarını atır dünyaya. Amma elə bilirsən ki, “əkə-bükə” kişidir. Yeridikcə də addımlarını yerə çox inamla qoyur. Sizi bilmirəm, amma mənə elə gəlir ki, şəhid balaları çox tez böyüyür, çox tez boy atırlar, elə Azay kimi. Bəlkə də bu, bizim şəhidlərə olan sevgimizdən, onlara olan ehtiramımızdan irəli gəlir, bilmirəm. Bəlkə də bu duyğu bizim şəhid balalarının tez böyüyüb boy atmasını görmək istəyimizdən doğur, bilmirəm.  

Azər Məmmədovun dünyaya gəldiyi Kəmərli kəndindəki evlərində müqəddəs bir otaq var. Şəhidin ruhunun yaşadığı bu otaqda şəkillər, paltarlar, şəxsi əşyalar, bir sözlə, bütün hər şey Azərə məxsusdu. Otağın dörd bir tərəfindən Azər baxır üzümüzə. Doğmalarını, əzizlərini, övladını görəndə isə sevinir sanki. Odlu baxışları mülayimləşir bir anlıq. 


Atasının ruhunun yaşadığı bu otaqda yenə də o baş-bu başa gedib-gəlir, Azay. Elə bil ki, sığışmır otağa. Bir an belə dayanmır. Şəklini nə qədər çəkmək istədimsə də, mümkün olmadı. Bir an belə dayanmadı. Bunu görən Aytən xanım dedi ki, “Azay yaman nadincdir”. Həmin an ağlıma bir fikir gəldi. Düşündüm ki, bəlkə də bu körpə balanın hərəkətləri onun nadincliyi deyil, Azayın bu dünyaya olan qəzəbidir. Bəlkə biz anlamırıq. Bəlkə də bu nadinclik atasını vaxtsız itirdiyinə görə dünyaya etirazıdı, Azayın.

Atasının ikinci ildönümündə yenə də atasının doğulub boya-başa çatdığı kəndə qonaq gəlibdi, Azay. Aytən xanım danışır ki, bir də gördük ki, Azay atasının adını daşıdığı otağın qapısını açır. Əli tam çatmadığı üçün pəncələri üstünə qalxıb qapını açdı. Otağın hər yerindən atası baxırdı üzünə. Azay bir anlıq dayandı. Sonra irəli gedib atasının böyük portreti qarşısında dayandı. Elə bil ki, atasına salam verib onunla görüşürdü. Bir az baxandan sonra əlinə iki şəkil götürdü. Birini mənə verdi, birini isə əlində tutaraq diqqətlə baxmağa başladı. Elə bil həmin an “Hardasan, ata. Axı, niyə gəlmirsən?” deyirdi. Mənə elə gəldi ki, Azay o an danışır. Çünki körpə gözlərindən yalnız o ifadə oxunurdu.

 

Amma atası ona cavab vermir, susurdu. Birdən Azay atası Azər ilə görüşüb qucaqlaşırmış kimi şəkli sinəsinə sıxıb öpməyə başladı. Sanki atasının ruhu ilə görüşür, onu bağrına basıb öpürdü. Atasının üzünü belə görmədiyi körpənin bu görüşü dəhşət idi. İnsanın damarlarında qanını donduran zaman idi həmin an. Sanki qanlı-qadalı dünyanı mərhəmətə səsləyirdi bu hərəkəti ilə körpə uşaq. Amma dünya bunu başa düşdümü?... Yox, əsla yox.

Hələ xəbəri yoxdu bu dünyadan, Azayın. Xəbəri yoxdu ki, sən saydığını deyil, öz saydığını sayır bu dünya.

Elçin İSMAYIL, 

şair-publisist. 


Geri qayıt