Əsas Səhifə > Şəhidlər > Torpaq uğrunda canlarını fəda edən Vətən övladları daim qəlbimizdə yaşayır

Torpaq uğrunda canlarını fəda edən Vətən övladları daim qəlbimizdə yaşayır


8-09-2024, 12:45

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətən naminə canlarını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanları ilə adlarını Şəhidlik adlı uca zirvəyə yazan şəhidlərimiz, qəhrəman oğullarımız hər zaman bizim qəlbimizdə yaşayırlar. Vətən oğullarının keçdiyi döyüş yolunu, qəhrəmanlığını gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək isə hər birimizin ən müqəddəs borcu olmalıdır. Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimizin qəhrəmanlıq salnaməsini bizlər gələcək nəsillərə çatdırmalıyıq. 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı, Xankəndimizi, Xocalımızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmağı, onları gəncliyə nümunə göstərməyi həyat amalımız bilməliyik.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən kapitan Əmir İbrahimovun, Elmar leytenant Bayramlının, İlqar Cəfərovun, Vasif Mehtiyevin, gizir Eyvaz Nağıyevin, Məhəmməd Qəhrəmanovun, Xəyyam Yaqubovun, Yusif Ayvazovun, Şahvələd Qocayevin, baş leytenant Elvin Namazovun, çavuş Elməddin Pənahovun, əsgər Emil Kərimovun əziz xatirəsini ehtiramla yad edirik. 

Kapitan İbrahimov Əmir Əsgər oğlu


İbrahimov Əmir Əsgər oğlu 2 sentyabr 1954-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1961-ci ildə Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il mayın 23-də Qazax rayonunda yerləşən “Üçgül” adlanan ərazidə düşmən minasına düşərək şəhid olmuşdur. 

Leytenant Bayramlı Elmar İsa oğlu


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır. 

Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Qürurverici olan odur ki, bu gün şəhidimizin adını yaşadan balaca Elmar böyüyür. Şəhidimizin hərbçi qardaşının oğul payı şəhid əmisinin adını yaşadır. 

Cəfərov İlqar Dursun oğlu


Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi. 

Mehtiyev Vasif Əhməd oğlu


Mehtiyev Vasif Əhməd oğlu 10 aprel 1973-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 3 sentyabr 1993-cü ildə Kəlbəcərdə gedən döyüşlərdə şəhid olmuşdur.

Gizir Nağıyev Eyvaz Alı oğlu


Nağıyev Eyvaz Alı oğlu 3 sentyabr 1960-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində anadan olmuşdur. 1968-ci ildə yaşadığı kənddə 1-ci sinifə daxil olmuş, 1978-ci ildə həmin orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gəlmişdir. 1991-ci ildə könüllü olaraq Milli Orduda gizir kimi xidmət etməyə başlamışdır. 18 avqust 1993-cü ildə döyüş zamanı şəhid olmuşdur. Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində dəfn olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı var. Hal-hazırda həyat yoldaşı və uşaqları Bakı şəhərində yaşayırlar. 

Qəhrəmanov Məhəmməd Maksim oğlu


Qəhrəmanov Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var.

Yaqubov Xəyyam Şəmistan oğlu


Yaqubov Xəyyam Şəmistan oğlu 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1980-ci ildə İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini “N” saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala Cəfərlidə gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi. 

Ayvazov Yusif Süleyman oğlu


Ayvazov Yusif Süleyman oğlu 4 sentyabr 1968-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1974-cü ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Yusif Ayvazov 22 iyul 1993-cü ildə Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur.

Qocayev Şahvələd Məhəmməd oğlu


Qocayev Şahvələd Məhəmməd oğlu 5 sentyabr 1937-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində andan olmuşdur. Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində təhsil almışdır. 10 aprel 1993-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində şəhid olmuşdur. Ailəli idi. 

Baş leytenant Namazov Elvin Məmməd oğlu


Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir.

Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır.

Çavuş Pənahov Elməddin Məqsəd oğlu


Şəhid Elməddin Pənahov 7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1991-ci ildə Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2001-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır.

“N” saylı hərbi hissənin tuşlayıcısı MAHHXHQ çavuş Elməddin Pənahov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ailəliydi. İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Elməddin Pənahovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Əsgər Kərimov Emil İlqar oğlu


Şəhid Emil Kərimov 7 sentyabr 1993-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2013-cü ilin aprel ayında tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin manqa komandiri hərbi vəzifəli əsgər Kərimov Emil İlqar oğlu 25 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulub boya-başa çatdığı İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, iki azyaşlı - Nazənin adlı qız, Amin adlı oğlan övladı yadigar qalıb.  

Vətən torpaqlarının bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq inşa olunmuşdur.


Geri qayıt