Əsas Səhifə > Şəhidlər > Qanları ilə tarix yazan Şəhidlər ölmürlər, zaman keçdikcə əfsanəyə çevrilirlər
Qanları ilə tarix yazan Şəhidlər ölmürlər, zaman keçdikcə əfsanəyə çevrilirlər25-08-2024, 10:39 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------- Ən müqəddəs və ən uca zirvə olan Şəhidlik!. Şəhidlik - ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər, qanları ilə tarix yazanlar zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür. Torpaq, Vətən, xalq, millət, dövlət uğrunda canından keçən, ölümün gözünə dik baxaraq Şəhidlik adlı uca zirvəni bir göz qırpımında, qorxu bilmədən fəth edən igid Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq da bizim hər birimizin ən ümdə borcu olmalıdır. Şəhidlər bizim fəxrimiz, onların uyuduğu Vətən torpağını isə and yerimiz hesab etməliyik. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Şamoy Çobanovun, baş çavuş Alı Alıyevin, Tahir Fərzəliyevin, gizir Vüqar Bənnayevin, kiçik çavuş Əhməd Məmmədovun əziz xatirəsini ehtiramla yad edirik. Milli Qəhrəman Çobanov Şamoy Məhyəddin oğlu Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-ci ildə S.Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il avtobazada çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə keçmiş sovetlər birliyinin Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidməti başa vurduqdan sonra Vətənə dönmüş və yenidən çilingər kimi çalışmışdır. 1988-ci ildə Qazax rayonunun polis şöbəsində polis nəfəri kimi işə qəbul edilmişdir. Bağanıs Ayrım, Aşağı Əskipara, Barxudarlı kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. 1990-cı il avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. “Səməd Ağa vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular. Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 okyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə respublikamızın suverenliyi və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi igidliyinə və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür. Hazırda Ağköynək kənd tam orta məktəbi onun adını daşıyır və məktəbdə onun büstü qoyulmuşdur. Eyni zamanda şəhərin mərkəzində və doğulduğu Ağköynək kəndində xatirəsinə tikilmiş bulaq var. 2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman - Mərfət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Baş çavuş Alıyev Alı Hümbət oğlu Alıyev Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Fərzəliyev Tahir Dursun oğlu Fərzəliyev Tahir Dursun oğlu 20 avqust 1972–ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1979-cu ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 6 mart 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Gizir Bənnayev Vüqar Sabir oğlu Bənnayev Vüqar Sabir oğlu 21 avqust 1979-cu ildə Qazax şəhərində anadan olmuşdur. 1986-cı ildə Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1996-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin gizirlik məktəbinə daxil olmuşdur. Həmin il kursu bitirdikdən sonra Tərtərdə hərbi xidmətdə olmuşdur. 7 noyabr 2002-ci ildə Tərtər istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə borcunu yerinə yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində şəhid olmuşdur. Kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu Şəhid Əhməd Məmmədov 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətini davam etdirmişdir. Kiçik çavuş rütbəsinə qədər yüksəlmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), kəşfiyyatçı, kiçik çavuş Əhməd Məmmədovun döyüş yolu Cəbrayıldan başlayıb. Cəsurluğu, mübarizliyi ilə fərqlənərək həmişə öndə olub, Şuşanın azad olunmasına qədər gedən qanlı savaşda şərəfli bir döyüş yolu keçib. Kəşfiyyatçı Əhməd Məmmədov 08.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 11 noyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Əhməd Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Əhməd Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib. Geri qayıt |