Əsas Səhifə > Şəhidlər > Bu gün "Azərbaycan Bayrağı" ordenli şəhid Qaratel Hacımahmudovanın cənnətdəki doğum günüdür

Bu gün "Azərbaycan Bayrağı" ordenli şəhid Qaratel Hacımahmudovanın cənnətdəki doğum günüdür


16-08-2024, 08:24

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq igid oğullarımızın ən böyük amalıdır. Torpaqlarımızın bütöv və tam olması üçün düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir. Çünki vətənpərvərlik təkcə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, mənsub olduğun xalqın dininə, dilinə, tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə sahib çıxmaq, hörmət etmək, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Valideynlərimizə borclu olduğumuz kimi, Vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu Vətəndə yaşayırıq. Minlərlə oğullarımız da məhz bu amal uğrunda Vətən naminə canlarından keçiblər. Şəhidliyin uca zirvə olduğunu bizlərə, gələcək nəsillərə miras qoyan, torpaq uğrunda canından keçmiş şəhidlərimizi, Milli Qəhrəmanlarımızı unutmamaq, onların əziz xatirəsini daim yad etmək hər bir vətəndaşın ən ümdə işi olmalıdır. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan qəhrəman qızlarımızdan biri də Birinci Qarabağ müharibəsinin şəhidi "Azərbaycan Bayrağı" ordenli Hacımahmudova Qaratel Şəmi qızıdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan şəhid Qaratel Hacımahmudovanın əziz xatirəsini ehtiramla yad edirik. Vətəni canı bahasına qoruyan Qaratel kimi qızlarımız bizim qəlbimizdə əbədi yaşayacaq, əziz xatirəsi illər ötsə belə daim ehtiramla anılacaq.

Hacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdı. 1955-ci ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Elə həmin ildə Bakı şəhərində Ticarət Texnikumuna daxil olaraq orada təhsil almışdır. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1976-1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləmişdir. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olmuşdur.

1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar. Qaratel Hacımahmudova ondan fikrini soruşur. Hümbət Qarabağa gedəcəyini deyir. Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağ döyüşlərinə yollanır. O, isə öz kəndlərinə gəlir və kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirərdi ki, döyüşçülər ac qalmasın. Qaratel Hacımahmudova həm də Azərbaycan döyüşçüləri ilə birgə səngərdə bərabər döyüşürdü. 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər. O, hərəyə bir avtomat və 2 ədəd qumbaraatan verilən 28 nəfərlik dəstədə idi. Bütün çətinlikliyə baxmayaraq, dəstə ermənilərin hücumunu dəf edə bilmişdi. 

1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti güclü hücuma keçdilər. O, komandir Yaşar Qasımovun tağımında döyüşürdü. Fələməz deyilən mövqedə hər tərəfdən top və tank atəşinə tutulmuşdu. Qaratel Hacımahmudova komandirin çətin tapşırığını yerinə yetirmişdi. O, başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi. Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta, kənddən çıxmasını əmr etmişdi. Lakin o, geri çəkilmir, arabir mövqeyini dəyişirdi. O, döyüşçü Mərdan Əsgərovla döyüşürdü. Bu son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də onların yanında olur. Ermənilər onu əsir götürürlər.

Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu. O, həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurmuşdu. Komandir Yaşar Qasımovun sözlərinə görə, o, uzaqdan Hacımahmudovanın bərkdən qışqırtısını eşitmişdi. Onu sonra saçından tutub sürüyə-sürüyə komandirin yanına gətirdilər. Cəsədi qan içindəydi. Ermənilər onunla bərabər həlak olmuş Alı Alıyev, Mərdan Əsgərov, Şəmistan Əmiraslanovun meyitlərini də götürüb aparırlar. Həmin ilin iyunun 26-da, onun cəsədi, Mərdan ƏsgərovunŞəmistan ƏmiraslanovunSurxay Məmmədovun və Alı Alıyevin cəsədləri ilə birgə və əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilmişdir. 

Qaratel Hacımahmudova subay idi. O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüşdü. 

Şair Məmməd İlqar Qaratel Hacımahmudovaya poema həsr etmişdir:

Haqqında “Dağların telli havası” (film, 2003), “Qaratel” (film, 2009) - (tammetrajlı sənədli televiziya filmi) çəkilmişdir. 

O, 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Qazax şəhərində ümumi orta məktəb qəhrəman şəhidin adını daşıyır. Rayon rəhbərliyi tərəfindən şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.



Geri qayıt